Dillər

Günəş şüalarının altında satılan qazlı su, yoxsa zəhər... - Reportaj-Fotolar

icki-serinlesdirici.jpg

Hər il mütəxəssislər və həkimlər bildirirlər ki, isti havalarda plastik qablardakı qazlı suları Günəş altında saxlamaq, satmaq olmaz.

Mütəxəssislərin sözlərinə görə, açıq Günəş şüaları altında saxlanılan su, insan sağlamlığına mənfi təsir göstərir. Günəş şüalarının təsirindən plastik qablardakı kimyəvi birləşmələrlə suyun tərkibi birləşə bilər.

Son günlərdə havaların isinməsi ərzaq məhsullarının saxlanması məsələsini də gündəmə gətirib.

Musavat.com-un əməkdaşı olaraq paytaxt ərazisində qazlı suların hansı şəraitdə saxlanılmasını, satılmasını araşdırdıq. Müşahidə etdik ki, iri mağazalarda qazlı sular adətən Günəş şüalarının düşmədiyi, qapalı yerlərdə saxlanılır. Kiçik mağazalarda, dönərxanalarda isə vəziyyət acınacaqlıdır. Belə ki, əksər dönərxanalarda, qutab satılan yerlərdə kiçik mağazaların vitrinlərinə qazlı sular qoyulur. Bu sular isə alıcısı çıxana qədər günün altında saxlanılır. Bununla yanaşı küçələrdə şüşə borularda stəkanı 20 qəpiyə olan qazlı sular da satılır ki, onların da üzərindən Günəş şüaları əksik olmur.

Satıcılar isə iddia edirlər ki, müştəri su istəyən zaman ona malı soyuducudan verirlər:

“Bizə indiyə qədər heç bir qurumdan bununla bağlı irad bildirən olmayıb. Həm də müştəri su istəyəndə adətən soyuducudan mal götürüb, ona satırıq. Vitrinə qoyduğumuz malı satmırıq. Bu, sadəcə olaraq reklam üçündür. Yəni içəridə həm də su satılır”,- deyə satıcılar bildirdilər.

8-ci kilometr bazarının yaxınlığında müşahidə etdik ki, topdan satılan suların da əksəriyyəti Günəş şüalarının altında saxlanılır. Bu məhsulları satanlar isə bildirdilər ki, suyu soyuducuya qoyan zaman sərinləşir və problem olmur.

Ümumilikdə söhbət etdiyimiz bütün satıcılar özlərinə haqq qazandırmaq üçün bir variant düşünüb tapdılar.

Məsələ Avropa ölkələrinin də gündəmindədir. Belə ki, Avropa İttifaqı (Aİ) dünya okeanının çirklənməsinə səbəb olan birdəfəlik istifadə edilən plastik məhsullara məhdudiyyətin qoyulmasını təklif edib. Avropa Komissiyası bu məhsullarla bağlı yeni qaydaların gətirilməsi təklifini irəli sürüb. Təklifə əsasən, Aİ üzvü olan ölkələr plastik ərzaq və içki qablarının istifadəsini alternativ məhsullar istehsal edərək azaldacaqlar.

Təklifə görə, Aİ üzvü ölkələr 2025-ci ilədək plastik qabların 90 faizini toplamaq məcburiyyətində olacaq.

Təklifin qanuniləşməsi üçün Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti arasında üçtərəfli görüş keçiriləcək. Razılıq olarsa, təklif qüvvəyə minəcək.
Həmçinin Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik qablardan imtina edilməsi ilə bağlı çağırışlar edir.

Musavat.com-a danışan Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyib ki, ona da hər gün məsələ ilə bağlı müraciət edənlər az olmur:

"Ümumiyyətlə, sularla bağlı çoxlu böyük müəmmalar var. Su təbiətin bir möcüzəsidir. Qoxusu, dadı, rəngi yoxdur və insanlar hiss üzvləri ilə onun keyfiyyətini müəyyən edə bilmirlər. Digər qidalarla bağlı isə bu, belə deyil. Ona görə də istisna olunmur ki, ən brend suyun belə bir hissəsi təmizlənir, bir hissəsi isə birbaşa olaraq şəbəkədən doldurulur. Mənə əhali müraciət edib deyir ki, necə olur litri 30 qəpiyə və litri 8 manata olan sular var. Yəni ölkədə su sahəsində böyük problem yaşanır. Suyun parametrini araşdırmaq üçün gərək onun 300 parametri üzərində analiz aparılsın. Plastik qablarda saxlanılan və isti havada çöldə olan suyu almaqdan insanlar imtina etməlidirlər. Artıq bu cür sular yararsızdır. Plastik qabın tərkibində olan kimyəvi maddələr isti havada miqrasiya edir. Bütün bu məsələləri Qida Təhlükəsizliyi Agentliyi həll etməlidir. Çox təəssüf ki, bu agentliyin adamları xarici ölkələrdə gəzintilər keçirirlər, hələ heç bir praktiki iş görmürlər. Gözləyirik ki, onlar iyul ayından fəallaşacaqlar. Əgər agentliyin nümayəndələri ictimaiyyətlə birlikdə iş aparmasalar, heç bir nəticə əldə əldə olunmayacaq. Hazırda onların ictimaiyyətlə, KİV-lə əlaqələri sıfır səviyyəsindədir. Biz hazırıq ki, onlara yardım edək. Lakin onlar da dövlət orqanları olaraq gərək ictimaiyyətə yaxın gəlsinlər".

Əli Rais,
Musavat.com
Fotolar müəllifindir.