Dillər

QƏHRƏMANLAR UNUDULMUR

Ali Huseynov

Əli Huseynov

"... İkinci dünya müharibəsi və ikinci dünya müharibəsində alman faşizmi üzərində qələbə çalmaqda iştirak edən insanları heç vaxt unutmamalıyıq".
Heydər Əliyev

     Bu yaxınlarda Azərbaycan Respublikasının Əməkdar jurnalisti Həmzə Vəlimmədovun “Əsgər Şöhrəti” kitabını yenidən oxudum və qərara aldım ki, bu kitabda qeyd olunan məlumatlar və öz xatirələrim əsasında, 9 may - Qələbə bayramı münasibətilə xalqımızın qəhrəman oğlu Əli Huseynov haqqında qısa bir yazı hazırlayım. Öncədən onu da nəzərinizə çatdırmağı özümə borc bilirəm ki, həmin kitab Ataxan Ağayevin maddi-mənəvi dəstəyi ilə nəşr olunmuşdur.

Gözəl Azərbaycanımızın hər qarış torpağı hər bir vətəndaşın səcdəgahıdır. Qədim dövrlərdən indiyə kimi bütün xalqlar bu müqəddəs torpada mehriban yaşamış və birlikdə vətənimizi mənfur düşmənlərdən qoruyublar. Vətənimizin başını həmişə uca edən yurdumuzun mərd övladları öz igidliyi və qəhrəmanlığı ilə dünyaya səs salmışlar. Bu qəhrəmanlar heç bir zaman unudulmur, daim yaddaşlarda, xatirələrdə yaşayır. Belə qəhrəmanlardan biri də Lerik rayonun Daster kəndində 1918-ci ildə anadan olmuş Hüseynov Əli Nəcəf oğludur. Əli Hüseynov bizimlə qohum olduğu üçün yaxından tanıyırdım. O, əmim oğlu Vahab Heydərovla həm də yaxın dost idi, tez-tez evinə gələr, müharibə illərində göstərdiyi şücaət və rəşadətindən həvəslə söhbət edərdi. Xasiyyətcə çox sadə, müdrik və nurani bir kişi idi. Hamı onu sevir və ona hörmətlə ona yanaşırdı. Tez-tez məktəblərdə görüşlər təşkil edir, insanların problemləri soruşur və onların aradan qaldırılması üçün işlər görürdü. O həm də gənc nəsli hərbi-vətənpərvər ruhda böyüməsini arzulayırdı. Görüşlərdə tez-tez milliyətcə rus olan cəbhə dostu, qardaş kimi sevdiyi Sitnikov Pyotr İqnatyeviçdən maraqlı söhbətlər edirdi. Müharibədə Əli top komandiri, Pyotr isə top tuşlayıcısı olmuşdu. Dostlar Berlinə qədər bir yerdə düşmənə qarşı döyüşmüşlər.
Əli Hüseynov 1939-cu ildə ordu sıralarına çağırılmışdı. Orduda, Böyük vətən müharibəsində 63-cü atıcı diviziyanın sıravi topçusu kimi döyüşə başlamışdı. 1942-ci ilin yayında Stalinqrad döyüşlərində Raspopinsdə 63-cü diviziya çox böyük qəhrəmanlıqlar göstərərək noyabrın 19-da düşmənin müdafiə xəttini yardı.
1942-ci ilin qışı idi. Şiddətli qar yağırdı. Yefreytor Əli Hüseynov və Yefreytor Pyotr Sitnikov topu atəş xəttinə çəkərək düşmənə ağır zərbələr endirdilər. Bu döyüşdə topçuların hamısı “igidliyə görə” medalı ilə təltif edildi. Stalinqrad döyüşlərindən sonra diviziya 52-ci qvardiya diviziyasına artilleriya polku isə 124-cü qvardiya artilleriya polkuna çevirildi. Hər iki döyüşçüyə, həm Əliyevə həm də Pyotrə “Qvardiya nişanı" təqdim edildi. Top komandiri qvardiya kiçik serjantı Əli Hüseynov Berlinə kimi, yəni 1945-ci ildə ordudan tərxis olunana qədər 124-cü qvardiya artilleriya polkunda (52-ci qvardiya atıcı diviziyası, 3-cü zərbə ordusu, 1-ci Belorusya cəhbəsi) xidmət etmişdir.
Beləliklə, Əli Hüseynov 1941-ci ilin payızından Qələbə gününədək topun arxasında şərəfli döyüş yolu keçmişdir. Kursk ətrafında döyüşlərdə düşmən qoşunlarının məhv edilməsində xüsusilə fərqlənmişdir. Döyüş zamanı Kommunist Partiyası sıralarına daxil olmuşdur. Sonralar Ukraynanın, Pribaltikanın, Polşanın azad edilməsində Hüseynovun topçuları həmişə öndə getmiş və fərqlənmişdilər.
Baş leytenant V. Xulankov 1974-cü il “Znamya Pobeda” qəzetində yazırdı: "Bu iki vətənpərvər – azərbaycanlı və rus, iki rəşadətli döyüşçü müharibədə bir top arxasında olmuş, Stalinqrad divarlarından Peyxstagadək birgə addımlamışlar. İkisinin də sinəsini üç şöhrət ordeni bəzəyir. Bir yerdə partiya sıralarına daxil olmuşlar. 1945-ci ildə ayrılmışlar. 25 il sonra Moskvada üç şöhrət ordenli döyüşçülərin müşavirəsində yenidən görüşmüşlər".
19 noyabr 1942-ci il Əli Hüseynov məktubunda belə yazırdı: -Düşmənin Stalinqrad altında mühasirəyə alınmasında və feldmarşal Paulsun əsir düşməsində bizim topçular da igidlik göstərdilər. Əli Hüseynov və Pyotr Sitnkov Stalinqrad altında almanların mühasirəyə alınmasında Ali Baş Komandan İ. Stalinin üç təşəkkürünü almaqla yanaşı, "Stalinqradın müdafiəsinə görə” medalı ilə təltif olunmuşlar.
“Ölərik amma Stalinqradı vermərik, Volqadan o yana bizə yer yoxdur” deyənlər arasında Pyotr Sitnikov və Əli Hüseynov da vardı.
1943-cü ilin 5 iyulda Oryol-Kursk qövsü uğrunda döyüşlərdə Əli Hüseynovun topçuları tanklara atəş açır, odlu nöqtələri nişan alır, faşistlərin hücum halqasını qırırdılar. Xüsusən, Prokrovka altında qəhrəmancasına vuruşur, həmişə öndə gedib fərqlənmişlər.
1944-cü ilin iyulun 17-də Leninqrad vilayətinin Mejilovo kəndi uğrunda Hüseynovun topçuları bütün günü vuruşmuşlar. Topçular düşmənin iki dəzgahı və üç əl pulemyotunu sıradan çıxartmış, xeyli faşisti məhv etmişlər. Əli Huseynov bu döyüşdə yaralansa da, yenidən döyüşə atılmaq üçün sırada qalmışdı. 25 avqust 1944-cü il tarixli əmrlə qvardiya yefreytoru Əli Nəcəf oğlu Hüseynov 3-cü dərəcəli şöhrət ordeni ilə təltif olunmuşdu.
1944-cü il sentyabrın 16-da Kirvist yaşayış məntəqəsi (Volqa şəhərinin şimal-şərqindən 10 km aralı, Estoniya) uğrunda, təltif vərəqəsində qeyd edildiyi kimi, Ə. Hüseynovun nişançıları düşmənin 4 dəzgahı və 3 əl pulemyotunu, bir 76 mm-lik səhra topunu məhv etmiş, bir piyada vzvodunu qırmışdır.
2-ci zərbə ordusunun 5 noyabr 1944-cü il tarixli əmri ilə qvardiya kiçik serjantı Əli Nəcəf oğlu Hüseynov 2-ci dərəcəli şöhrət ordeni ilə təltif edilmişdi. Əli Hüseynov Berlində gedən döyüşlərdə 52-ci atıcı qvardiya diviziyası 3-cü zərbə ordusunun tərkibində idi. Hüseynovun topçuları şəhəri şimaldan atəşə tutmuşdu. O, düşmənin atəş nöqtələrini dəqiq nişan alır, müşahidə məntəqələrini dağıdırdı. Topçular komandiri Əli Hüseynov haqqında “Krasnaya zvezda” qəzetində S. Mixaylov “Rəşadət yolu ilə” məqaləsində yazır: Mən Əli ilə görüşdüm. O, söhbət zamanı dedi:
Stalinqrad yaxınlığında qanlı döyüşləri lap yaxşı xatırlayıram. Bir dəfə topun arxasında qalmışdıq- mən və tuşlayıcı Pyotr Sitnikov. İkimiz də yaralanmışdıq. Amma, faşistləri irəli buraxmadıq. Biz düşmənin bir tankını yandırdıq, üç pulemyotunu və təqribən bir vzvod avtomatçını məhv etdik.
Təkcə aprelin 16-dan 23-dək qvardiyaçı Hüseynovun nişançıları Leçin (Oder çayının qərbindən 12km aralı) yaşayış məntəqəsindən Berlinə gedən yolda faşistlərin 14 pulemyotunu, düşmənin minimyot batareyasını susdurmuş, 30-a yaxın hitlerçini məhv etmişdir.
Aprelin 23-də Qumbold – Xay park rayonunda faşistlər daha inadla müdafiə olunurdular. Hüseynov və onun döyüş yoldaşları hitlerçilərlə təkbətək mübarizəyə başlamış, düşmənə ağır zərbələr endirmişdilər. Bu döyüşdə Hüseynov kontuziya almış, iki döyüş yoldaşı ağır yaralanmış, topdan atəş açmağa davam etmişdir. Hüseynov və Sitnikov düşmənin 2 tankını, 3 pulemyotunu sıradan çıxarmış, 20-yə yaxın hitlerçini məhv etmişdir.
“Krasnaya zvezda” qəzetində S. Mixaylov “Rəşadət yolu ilə” məqaləsində yazır: "Əli Hüseynov əsgərlərə topu atəş mövqeyində möhkəmlətməyi, çoxlu mərmi yığıb şəhərə hücuma hazır olmağı əmr etdi. Tezliklə komanda verildi: "Berlinə atəş!". O, evlərdə və zirzəmilərdə gizlənmiş faşist pulemyotçularını sərrast atəşlə məhv etdi. Məhlələrin birinə topçularımız hücuma atıldılar. Düşmənin motorlu topu küçənin dərinliklərindən atəş açırdı. Qvardiyaçı Hüseynov bu topla təkbətək döyüşə girdi. O, sərrast atəşlə düşmənin motorlu topunu sıradan çıxardı. Qoşunlarımızın amansız zərbələri altında müqavimətini dayandırdılar. Dağlar oğlu Əli Nəcəf oğlu Hüseynov Reyxstaqın divarında bu sözləri yazdı: “Azərbaycan SSR, Lerik rayonundakı Daster kəndinin sakini Əli Hüseynov burada olmuşdur.”
Lenin, Suvorov, Kutuzov və Boqdan Xmelinck ordenli qvardiya kiçik serjantı Əli Nəcəf oğlu Hüseynov alman faşist qəsbkarlarına qarşı döyüşlərdə göstərdiyi şücaət və rəşadətinə görə SSRİ Ali soveti Rəyasət heyətinin 31 may 1945-ci il tarixli fərmanı ilə 1-ci dərəcəli şöhrət ordeni ilə təltif edilmişdir. O, üç şöhrət ordenli qəhrəmanlardan biri olmuşdur. Sonralar isə 1-ci dərəcəli Vətən müharibəsi, Qırmızı ulduz ordenləri və medallarla təltif olunmuşdur. Əli Hüseynov bu ordenin hər üç dərəcəsini alan 14 nəfər Azərbaycan əsgərindən biri olmuşdur.
Ehtiyatda olan qvardiya polkovniki Qriqori Andreyev 17 mart 1984-cu il “Zeninskoye znamya” qəzetində yazdığı məqalədə yazırdı:
Berlinin küçələrinin birində Ə. Hüseynov yoldaşları ilə topu birbaşa atəş xəttinə çıxardı. Düşmən pulemyotçuları ilə təkbətək döyüş başladı. Bu zaman onun yanında mərmi partladı, Ə. Hüseynov yaralandı. Lakin qvardiyaçı pulemyot atəşinə baxmayaraq, topun arxasına keçdi. O, mərmini özü qoyur, özü nişan alır və atırdı. Artilleriyaçı üç pulemyotu və iyirmi hitlerçini məhv etdi.
Sağ ol, qardaş! -deyə piyadalar qışqıraraq yenidən döyüşə atıldılar. Martin Merjanovun “Bu belə olmuşdu” (“Tak eto bılo”) kitabının üz qabığında Əli Huseynovun şəkli və 130-cu səhifədəki 1-ci şəklin altındakı sözləri oxuyuruq: İstiqamət düzgün seçilmişdir. Komandir Ə. Hüseynov əmr verir: Reyxstaqa atəş!
Ə. Hüseynov 1975-ci ildə SSRİ Müdafiə Nazirliyindən Moskvaya dəvət olunur. Kontantin Simonovun ssenarisi əsasında “Əsgər getdi...” filminə çəkilir. Müharibədən sonra Ə. Hüseynov doğma kəndində adi işlərdə çalışırdı, kənd sovetinin katibi və sədri, sonralar “Mədəniyyət” kolxozunun idarə heyətinə başçılıq etdi.
1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycan KPMK-nin birinci katibi seçildi. H. Əliyev zəhmətkeş insanlara, xüsusilə müharibə veteranlarına yüksək qayğı göstərir və onlarla yaxından maraqlanırdı. Azərbaycan Respublikasının birinci katibi H. Əliyev üç şöhrət ordenli Ə. Hüseynovun müharibədəki fəaliyyətini yüksək qiymətləndirir. Ə. Hüseynovun doqquzuncu çağırış respublika Ali sovetinə deputatlığa namizədliyi irəli sürüldü və deputat seçildi. Həmçinin Ali soveti Rəyasət heyətinin üzvlərindən biri oldu. Onun qayğıkeşliyi ilə Əli Hüseynov Azərbaycan KR XXIX qurultayına, ordan da sovet İKR XXV qurultayına nümayəndə seçildi. Əli Nəcəf oğlu Heydər Əliyevlə görüşlərini ömrünün unudulmaz çağları sayırdı. Onun göstərişi ilə Əli Huseynova Lənkəran şəhərində üç otaqlı mənzil verildi, şəxsi xidməti üçün minik maşını ayrıldı.
Xalqımızın igid və qəhrəman oğlu Ə. Hüseynov Azərbaycan respublikasında, SSRİ məkanında tanınmış şəxsiyyətlərdən biri idi. Hamı onu sevir, hamı ona hörmətlə yanaşırdı. Ömrünün son günlərində hər yerdən onun görüşünə gəlir, sanki onunla vidalaşırdılar. Mən, əmim oğlu rəhmətlik Vahab, qaynım Cabir Həbibovla birlikdə onu baş çəkməyə getdik. Vəziyəti ilə maraqlandıq, halını soruşduq. O, da kef-əhval edərək, siz mənim dayılarımsınız, mən sizi çox sevirəm, mən ölümdən qorxmuram, çünki müharibənin odlu-alovlu, çətin günlərini görmüşəm, vətənimin, xalqımın rifahı üçün çalışmışam. İnanıram ki, məndən sonra gələnlər də mənim kimi öz vətənini, xalqını sevəcək və xidmət edəcəklər - dedi.
     1987-ci ilin fevralında Azərbaycanın qəhrəmən oğlu Əli Nəcəf oğlu Hüseynov vəfat etdi və onu Akuşa ziyarətgahında dəfn etdilər. Hər gün bura ziyarətə gələn insanlar Azərbaycan xalqın qəhrəman oğlu Ə. Hüseynovu ziyarət edirlər. Sonda onu da əlavə edim ki, Lerik rayonunun Daster kənd məktəbi Əli Hüseynovun adını daşıyır.


Mirzəkişi Mirzəyev,

Lerik rayonu, Hamarat kəndi.

Əlaqəli xəbərlər