Dillər

Repressiya qurbanı - Böyükağa Mirsalayev

böyükağa mirsalayev

Azərbaycanın cənub-şərqi sayılan Talış diyarı cox zəngin və şanlı bir tarixə malikdir. Bu bölgənin özunə məxsus böyük şəxsiyyətləri vardır. Bu böyük şəxsiyyətlərdən biri də tanınmış ictimai xadim Böyükağa Mirsalayevdir.


   Azərbaycanda Sovet höküməti qurulduqdan sonra həyata keçirilən yeni iqdisadi siyasi islahatlar respublikamızda bir çox ciddi dəyişiliklərin yaranmasına səbəb oldu. Bu dəyişiliklərdən faydalanan bir çox rəhbərlikdə işləyən şəxslər, yaranan vəziyyətdən istifadə edərək, xalqımızın öndə gedən şairlərini, yazıçılarını, müxtəlif vəzifələrdə işləyən namuslu insanlarını və müxtəlif sənət sahiblərini, el içində sayılıb seçilən, böyük nüfuza malik olan ziyalılarını müxtəlif bəhanələrlə, böhtanlarla həbs etdirirdilər. Bundan əlavə, bu insanların çoxu uzaq Sibirə sürgün olunur, güllələnir və ya müxtəlif işgəncələrlə öldürülürdü. Bu repressiya qurbanlarının arasında xalqımızın dəyərli ziyalısı, elimizin sevimlisi, yurdumuzun igid, qəhrəman oğullarından biri Böyükağa Mirsalayev də var idi.


                                                                                                             Nəsil şəcərəsi


Böyükağa Mirsalayev Talış diyarında tanınmış Seyid Piran nəslindəndir. Ulu babası Mir Şükürülla ağa Ərdəbil mahalının Meşkin nahiyyəsinin Fəxrəbad kəndindən idi. Mir Şükürülla ağanın atası Mir İsmayıl ağa, babası öz dövrün böyuk alimi, Səfəvilərin şeyxavənd tayfa birliyinin ağsaqqallarından biri Seyid Süleyman Kəmunə idi. Seyid Süleymanın atası Seyid Məhəmməd Saleh Kəmunə Nəcəf seyidlərindən, onun atası Seyid Sahib Kəmunə isə Səfəvi sarayının qocaman şairlərindən biri olmuşdur. Kökləri 7-ci şiə imamı Musa Kazıma çıxır. Meşkinin Fəxrəbad kəndinin sahibi olan Seyid Suleyman övladlarından Mir Şükürülla Mir İsmayıl oğlu səbəbi məlum olmayan hadisədən təqib edilərək 17 ci əsrdə Zuvand mahalına (indiki Lerikə) pənah gətirmişdir. Mir Şükürülla ağa Lerikin Həzovi kəndində məskən salımışdır. Mir Şükürülla ağanın 3 oğlu olmuşdur ki, bu oğullardan indiki Seyid Piran nəsli törəmişdir. Oğullarından kiçiyi Mir Siyab ağa Rəzqov kəndində məskən salmışdır və Rəzqov seyidlərinin əsasını qoymuşdur. Mir Siyab ağanın bir necə oğlu olmuşdur onlardan biri Miri, Mirinin Mir Əhədulla, Mir Əhədullanın Mir Həbib adlı oğlu olmuşdur. Mir Həbib Talış diyarında loğman kimi tanınırdı, Mir Həbibin oğlu Qulaməli və onunda oğlu Tahirxan olmuşdur. Tahirxanın adı Talış xanının vəziri olmuş Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun “Əxbərnamə” əsərinə duşub. Orada bildirilir ki, Tahir xan Zuvand hakiminin qulluqcusudur və bir necə dəfə Talış xanı ucun məktublar aparıb və Ərdəbil xanın yanına elçi kimi göndərilib. Tahir xanın nəslindən olanlar Rəzqovda Tarxani tobiyə (Tarxan tayfası) adlandırılır. Tahir xanın oğlu Mir Saleh (Mirsalo) olmuşdur. Böyukağaya da bu soyad məhz buradan gəlmişdir. Böyukağanın atası Əbülfət kişi Mir Salonun boyuk oğludur. Əbülfət Mirsalo oğlu 1859-cu ildə Lənkəran qəzasının Zuvand nahiyyəsinin Rəzqov kəndində dövlət kəndlisinin evində anadan olmuşdur. Əbülfət kişinin həyat yoldaşı Leyla xanım idi, onlarınBöyukağa, Seyidağa, Balağa, Mirağa, Mirzəağa və Hacıağa adlı övladları dünyaya gəlmişdir.

                                                                                                                               Həyatı


Böyükağa Mirəbülfət oğlu Mirsalayev 1893-cü il yanvarın 22-də Lənkəran qəzasının Züvand nahiyyəsinin (indiki Lerik rayonu) Mistan kənd cəmiyyətinin Rəzqov (Rəzqo) kəndində anadan olmuşdur. Həmin dövrlərdə Azərbaycanın digər rayonlarında olduğu kimi Lerikdə də insanların yaşayış səviyyəsi çox aşağı idi. Kəndlərdə yaşayan insanların çoxu işləyib ailəsini dolandırmaq üçün şəhərə üz tuturdular. Bu səbəbdən də B. Mirsalayevin atası Mirəbulfət kişi 1906-cı ildə, B. Mirsalayevin 13 yaşı olarkən ailəsi ilə birlikdə Bakıya köçmyə məcbur olur. Bakıya gəldikdən sonra neft mədənində işləməyə başlayır və oğlu B. Mirsalayev Sabunçu qəsəbə məktəbində təhsil almağa başlayır. 3 il təhsil aldıqdan sonra ailəsinin iqtisadi imkanları ona təhsilini davam etdirməyə imkan vermir və Böyükağa neft mədənində əmək fəaliyyətinə başlayır. Fəhləlik eləməklə bərabər, o, həm də öz elmini artıqmaqdan, savadlanmaqdan da geri qalmırdı.
Valideynləri yenidən rayona qayıtdıqdan sonra B. Mirsalayev fəhlə hərəkatına qoşulur. Sonralar işlədiyi müəssisələrdə inqilabi fəaliyyət göstərmişdir. Bir kəndli balasının dunyagöruşu formalaşdıqca onda zülmə və zülmkarlığa qarşı nifrət hissi güclənmişdir. O ölkədə baş verən ictimai-siyasi proseslərlə bağlı öz düşüncələrini azad formada, qorxmadan ifadə etməkdən heç vaxt çəkinməmiş və bu xüsusiyyət ona iş yoldaşları, ətrafındakı insanlar arasında böyük rəğbət qazandırmışdır. 1918-ci ildə Böyukağa doğma kəndinə Rəzqova qayıdır, Mistan kənd cəmiyyətinin kəndxudasının katibi işləyir. B. Mirsalayev 1920-ci ildə partiyaya qəbul olunur. Bu dövrlərdə Böyükağa Lənkəranda və Züvandda quldur dəstələrinin özbaşınalığına qarşı mübarizə aparır və Lənkəranda erməni quldur dəstələrinə qarşı mübarizənin təşkilinə yaxından iştirak edir. Bütün bunlara baxmiyaraq o həm də, doğma məmləkətdə öz inqilabi təbliğatını aparırdı. Xalqı zülmkarlığa qarşı səsləyirdi. Sovet hakimiyyəti qələbə çaldıqdan sonra isə Böyükağa Mirsalayev Moskvada UİK/B/P Mərkəzi Komitəsi yanında qəza komitə katibləri hazırlayan birillik kursu bitirir. Gözəl nitq qabiliyyətinə və yüksək savad potensialına görə 1922-ci ildə partiya işlərində irəli çəkilir və bir sıra məsul vəzifələrdə çalışır. İşlədiyi müddətdə Mirsalayev Böyükağa prinsipiallığı, təşkilatçılığ bacarığı ilə seçilir. 1923-cü ildə o "Bakinskiy raboçiy" qəzetinin Lənkəran müxbiri kimi fəaliyətə başlayır və qəzetdə müxtəlif rublikalar altında məqalə, yazılar dərc edir. Bununla yanaşı, B. Mirsalayev həm də ilk nömrəsi 21yanvar 1931-ci ildə çapdan çıxan "Sıə Tolış" ("Kızıl Talış") qəzetinin baş redaktoru olmuş və demək olar ki, həmin qəzet onun yüksək əməyi, rəhbərliyi nəticəsində nəşr olunmuşdur. Bütün bu iş keyfiyyətləri və şəxsi qabiliyyəti nəzərə aldındığından 1925 -ci ildə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Qazax Rayon Komitəsinin, 1927 -ci ildə isə Nuxa (Şəki) Rayon Komitəsinin birinci katibi seçilmişdir. Bu illərdə Böyükağa Mirsalayev Moskvaya dəvət olunur və Stalinin də iştirak etdiyi iclasda Azərbaycanın adından çıxış edir. Onun yüksək savad, dərin zəkasına heyran olan Stalin iclasdan sonra B. Mirsalayevlə görüşmüş və Azərbaycandakı vəziyyət haqqında söhbət etmişdir.
1924-1925- ci illərdə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan kommunist (bolşeviklər) partiyası Mərkəzi Komitəsinin uzvu seçilən Mirsalayev 1927-ci ildə UİK (b) P 15- ci qurultayına nümayəndə seçilmiş, qurultayın işində fəal iştirak etdmişdir. Bütün bunları nəzərə alaraq, 1929-cü ildə onu Bakı şəhərinə çağırırlar və Azərittifaqın İdarə Heyətinin sədri təyin edirlər. Qısa bir müddətdə bu təşkilatın işində də nailiyyətlər əldə edir və kollektivin hörmətini qazanır.
1930-cu ildə o, yenidən doğma yurduna qayıdır və burada Lənkəran dairə icraiyyə komitəsinin sədri, sonralar isə birinci katibi təyin olunur. Qeyd etmək lazımdır ki, Lənkəran dairəsinə Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar daxil idi. O, bu rayonların inkişafı, əhalinin yaşayış səviyyəsini artırmaq üçün hər bir vasitədən səmərəli istifadə edir. Həmişə xalqın yanında olan, xalqın sevimlisinə çevrilən B. Mirsalayev bu yolda çox böyük uğurlara imza atır. Böyükağa Mirsalayevin əmək fəaliyyəti Lənkəranda özünü daha qabarıq göstərib. Belə ki, şəhərdə ilk sənaye müəssisəsinin isə salınması, çay və sitrus bitkilərinin əkilməsi onun adı ilə bağlıdır. Bir sözlə, 20-ci əsrin əvvəllərində Lənkəran şəhərinin inkişafında Böyükağa Mirsalayevin çox böyük zəhməti olmuşdur.
Böyükağa Mirsalayev 1931-33-cü illərdə UİK(b)P Zaqafqaziya Ölkə Komitəsində məsul təlimatçısı və bölmə mudiri vəzifəsində çalışır. Lakin gələn qəfil bir xəbər onu bütün planlarını dəyişməyə məcbur edir. Belə ki, atası Mirəbülfət kişi Lerikin Vistvers (Piran) kəndində atla Vazərü çayını keçərkən sel onu aparmışdı. Kənd camatı tərəfindən cənazəsi çaydan çıxarılmış və B. Mirsalayevə xəbər göndərilmişdir. Həmin gün təyyarə ilə Moskvadan təcili Azərbaycana gələn B. Mirsalayev atasını dəfn etmiş, huzr mərasimindən sonra Moskvaya qayıtmışdır. İ. Stalinlə yaxın münasibətdə olan B. Mirsalayev bu barədə və ailə vəziyyəti barədə ona ətraflı məlumat verir. Bildirir ki, atam rəhmətə gedəndən sonra ailəmiz başsız qalıb, əgər mümkündürsə, məni işləməyə Azərbaycana göndərin. Onun bu xahişi Stalin tərəfindən yerinə yetirilir və M. Bağırova onun Azərbaycanda işlə təmin olunması tapşırığı verilir. M. Bağırovdan Stalinə cavab gəlir ki, onu Lənkəran zonasına, tanıdığı əraziyə göndərmək lazımdır. Çünki o həmin zonanı, əhali çox gözəl tanıyır. Bu da bizim partiyada apardığımız təmizlik işlərinə, qaçaq və banditlərlə mübarizəmizə böyük köməyi dəyə bilər. Beləliklə B. Mirsalayev Lənkərana göndərilir. Burada işlədiyi müddətdə bütün qüvvəsini zonanın inkişafına, xalqın güzəranının yaxşılaşdırılmasına sərf edən B. Mirsalayevin təşəbbüsü və köməkliyi ilə 1933-cü ildə "Kirov", 1934-cü ildə "Avrora" sövxozu yaradıldı. Bundan əlavə, həm də digər kolxozlarda çay sahələrinin yaradılmasında, genişləndirilməsində yaxından iştirak etmiş, çay və sitrus bitkilərinin əkilməsi, onlara qulluq olunmasına şəxsən nəzarət etmiş, əhaliyə əlindən gələn hər bir yardımı göstərmişdir. Lənkəranda ilk sənaye obyektlərinin tikilməsi, istifadəyə verilməsi də onun adı ilə bağlıdır.
1936-cı ilin əvvəllərində M. Bağırov Lənkərana gedir. O, Lənkəranda olarkən B. Mirsalayevlə birgə kolxoz və sovxozları gəzir, çay və sitrus bitkiləri əkilmiş sahələrə baxır və əhali ilə görüşərək söhbət edir, məsləhətlərini verir. Bu görüşdən sonra B. Mirsalayev onu nahar yeməyinə dəvət edir. M. Bağırov ona bildirir ki, biz Lerikə gedirik, qayıdanda Qamovda (İstisuda) görüşüb yemək yeyərik. Lakin Qamovda məclis təşkil olunsa da, M. Bağırov söz verdiyi məclisə gəlmir və Lerikdən birbaşa Bakıya yola düşür. Mirsalayevlə birlikdə komsomol işində çalışmış Əliməmməd Məlikovun məlumatına görə, Mir Cəfər Bağırov Lənkəranda səfərdə olarkən Böyukağa Mirsalayevlə göruşmuş və sonradan Bakiya qayıdaraq bir necə gündən sonra Böyukağanı həbs etdirmişdir.


                                                                                   Zindan həyatı və repressiya


Gülağa Həsənov, Hacı Nəriman və Teyfur Çələbinin birgə yazdıqları “Rəzqovluların şəcərəsi” kitabında Mirsalayevlə bağlı coxlu arxivi materiallar vardır. Həmin sənədlərdən və digər arxivi mənbələrdən istifadə edərək B. Mirsalayevin həbs edilməsi və repressiya olunmasının sirlərini açmağa çalışarıq. 15 noyabr 1936- cı ildə repressiyaya məruz qalan Mirsalayev Böyukağanın sonrakı taleyi MTN-nin verdiyi arayışlardan aydın olur. Azərbaycan Respublikası Milli Təhlukəsizlik Nazirliyinin işindən belə aydın olur ki, orada saxlanılan Pr-25045 nömrəli arxiv-cinayət işindəki kimi, Mirsalayev 15 noyabr 1936-cı ildə XDİK tərəfindən həbs edilmişdir. Vətəndaş Mirsalayev ona görə ittiham edilmişdir ki, o, 1934-cu ildə musavat partiyasının üzvü, əksinqilabçı, millətçi, terorçu təşkilatın fəal üzvü olmuşdur. Sənədlərin birində istintaq aparan Borşovun imzası ilə bir məlumat vardır. Orada bildirilir ki, guya Böyukağa Mirsalayev öz gunahlarını boynuna alıb və həmin maddələr içində Böyukağa Mirsalayevin Muğan respublikasını yaratması təşəbbusu olmuşdur və bunu partiyadan gizlətməsidir. Müxtəlif sənədlərdən, raportlardan məlum olur ki, Böyukağa Mirsalayevə böhtan atılır. Həmin dövrdə Xalq Daxili İşlər Komissarlığında işləyən Zaxaryan, Sumbatov, Qerasimov, Qriqoryan, Qalstyan, Barşov adlı erməni mustəntiqlər Azərbaycanın dəyərli ziyalılarını müxtəlif yollarla şərləyir, şürgün edirdilər. İttihamların içində guya ki, Böyukağa Mirsalayev qaçaq Yunusa, Mir Vahab ağa və Bala Məmməd Züvandskiyə yaxından kömək etmiş və əksinqilabçı olmuşdur. Ən böyuk ittiham isə təbii ki, Muğan Respublikasının yaratmaq təşəbusu idi. Bunlarla yanaşı ona talış millətçiliyi damğası da vurulmuşdur. Raportların birində Böyukağa Mirsalayevin Talış muxtariyyətinin təbliğatını aparması göstərilib.
Bir sözlə, Azərbaycanın ictimai xadimlərindən biri olan, öz dövlətinə, xalqına qəlbən bağlı bir şəxsiyyəti repressiya belə məhv etdi. SSRİ Ali Məhkəməsinin hərbi Kolleksiyasının 7. 01. 1938-ci il tarixli qərarı ilə Böyukağa Mirsalayev Azərbaycan SSR cinayət məcəlləsinin 64, 70 və 73-cü maddələri ilə təqsirli bilinərək güllələnməyə məhkum olunmuşdur. Hökm 1938-ci il yanvarın 7 dən 8-ə kecən gecə yerinə yetirilmişdir. Azərbaycan xalqının görkəmli şəxsiyyətlərindən biri olan Böyükağa Mirsalayev ölmundən sonra, 1956-cı ildə bəraət qazanmışdır.

                                                                                                      Ailəsi və övladları

Sənədlərdə Böyukağa Mirsalayevin həbs olunduğu dövrdə ailə tərkibi belə olmuşdur: Həyat yoldaşı Tamam (Ğıztəmom) İsrafil qızı 37 yaş, oğlu Salam 18 yaş, qızı Tuğra 14 yaş, Məryəm 12 yaş, Şəfiqə 10 yaş və Dilarə 18 yaş. Qıztamam xanım Rəzqovludur. Atası qəssab İsrafil kişi Lənkəran qəzasının Gərmətük kəndinə köcmuşdur. Babası Vəli kişi Zair tayfasındandır. Qeyd etmək lazımdır ki, Böyukağanın anası Leyla xanım Qıztamamın xalası idi. Qıztamam Şani xanımın qızı, Böyükağa isə Leyla xanımın oğlu idi. Leyla, Şani və Xeyri bacıları Rəzqov kəndindən Məhərrəmin qızları idilər. Böyukağa Mirsalayev həbs edilib güllələndikdən sonra həyat yoldaşı Qıztamam İsrafil qızı da da digər ailə üzvləri kimi təqibə məruz qalmışdır. Qıztamam xanımdan Mirsalayeva soyadından imtina etməsi tələb olunur. Lakin Qıztamam xanım bu tələbi əsla qəbul etmir, bu soyadı fəxrlə daşıyacağını bildirmiş və 9 aprel 1938-ci ildə 10 il müddətində Qazaxıstana sürgün edilmişdir. Qıztamam xanım 1946-cı ildə Azərbaycana qayıtmış, 1947-ci ildə dunyasını dəyişib və Lənkəranın Gərmətük kəndində dəfn edilmişdir.
Böyukağanın oğlu Salam Azərbaycanın tanınmış hərbi xadimi Həzi Aslanovun bacısı Tamara xanımlə ailə həyatı qurmuşdur. Onların Eldar və Ellada adlı övladları dunyaya gəlmişdir. Eldarın oğlunun adı Teymur olmuşdur.
Azərbaycanımızın görkəmli ictimai xadimlərindən biri, vətəni, xalqı ücün dəyərli işlər görən, unudulmaz şəxsiyyətlərindən biri olan Böyükağa Mirsalayevin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Belə bir tarixi şəxiyyətlə fəxr etməyə dəyər!

İstifadə olunmuş ədəbiyyat:
1. Azərbaycan Milli Arxivi (fond 10, op 1 dok 23), (fond 10, op 1, dok 114),
(fond 10, op2, dok 7379)
2. B.Huseynbalaoğlu, M.Talışlı “ Lənkəran” (səh. 311-313).
3. G.Həsənov, H.Nəriman, T. Çələbi “ Rəzqövluların şəcərəsi” (səh.94-109).
4. M.Talışlı, E.Əhədov “Lənkəran ensklopedik məlumat”.
5. İsgəndər bəy Münşi “Alemrayi Şahi Abbasi”.
6. Gürcustan Milli Arxivi (fond 93, op 1, dok 32).
7. R. Xansıvo "B. Mirsalayevin şəcərəsi".
8. S. Məmmədov, Ə. Nurullayev, E. Əhədov “Gərmətük salnaməsi”.

Vüqar Həmati

Əlaqəli xəbərlər