Dillər

Fərqli, çətin, təzadlı obrazların müəllifi

desdd2.jpg

Biz jurnalistlər cəmiyyətin hər hansı bir zümrəsinin nümayəndəsi - sənət və ya iş adamı, elm xadimi, məmur haqqında oçerk yazanda ən çox onun fəaliyyət göstərdiyi sahədə yüksəlişə nail olmasından, imza atdığı uğurlardan, yaratdığı yeniliklərdən və s. bəhs edirik. Hərdən olur ki, onların hansısa problemindən, başlarına gələn  ilginc hadisələrdən söz açaraq təsvirimiz boz alınmasın deyə bir növ rəng də qatırıq. Ancaq bunlar bəzən səthi xarakter daşıyır. Yəni, qəhrəmanlarımızı yaxından tanımadan, sadəcə kənar seyrçi nöqteyi-nəzərindən, topladığımız ictimai rəy əsasında, üzdə olan əməllərini qiymətləndirərək oxucuya tanıdırıq.

    Amma söz də var, deyirlər, bir insanın kimliyini, necəliyini onun qonşusundan soruş. Bu ehkama riayət etmək isə hər zaman hər publisistə müyəssər olmur. Həm də hər qələm adamının özünün yazı üslubu, yanaşma tərzi, taktikası var. Məsələn, mən nədənsə təsirlənməsəm, qələmə aldıqlarım heç bir vəchlə məzmunlu, məntiqli alınmaz. Bu baxımdan da barəsində yazdığım insanları məhz tanıdıqlarımın, haqqında kifayət qədər məlumatlı olduqlarımın sırasından seçməyə çalışıram. İstedadlı aktyor, yüksək ixtisaslı kinorejissor Vüsal Hacı Qədiri (Vüsal Qədir oğlu Əzizov) də yaxşı tanımaq imkanım olmasaydı, bəlkə də onun haqqında heç vaxt yazmaq fikrinə düşməzdim. Məharətinə, erudisiyasına, peşəkarlığına şübhə və iradım olmayıbsa da, açığını deyim ki, tanışlığımıza qədər ona rəğbət də bəsləməmişəm. Bəlkə də bu antipatiyam onun yaratdığı mənfi qəhrəman obrazlarının qəddarlığı ilə əlaqədardı - dəqiq deyə bilmirəm. Hər nə isə, bu natamam təəssüratım ta o vaxta qədər sürdü  ki, Vüsalgil "Azərbaycanın Qurdlar Vadisi" deyilən "Barama" serialını çəkdikləri vaxt mənim əməkdaşlıq etdiyim "Brend Media" jurnalının redaksiyası ilə qonşu oldular. Və mən onu bir qonşu kimi yaxından tanımaq fürsətini buldum (Vüsal Hacı Qədir bu serialda həm quruluşçu rejissor, həm aktyor funksiyasını yerinə yetirirdi). Kəşf elədim ki, oynadığı obrazların tam əksinə, Vüsal əslində mehriban, rəhmdil, həssas, duyğulu bir insandır. Centlmenliyi isə onun ən nəzərəçarpan cəhətlərindəndir.
    Bir neçə dəfə onun məni tam təsirləndirən və təəccübləndirən hərəkətlərinin şahidi olmuşam. Elə bu müşahidələrim onu mənim gözümdə həm ucaltdı, həm də təsəvvürlərimi dəyişdi. "Barama" serialı ilə bağlı çalışdığım jurnal üçün məqalə hazırlayırdım. Vüsalı ofisimizə dəvət etdik. Suallarımızı məmnuniyyətlə cavablandırdı, serial haqda, yaradıcı heyət barəsində xırda detallarına qədər həvəslə məlumat verdi. Özü haqda isə cəmi bir-iki cümlə danışmaqla kifayətləndi, onu da mən israr edəndən sonra.

Məqaləyə şəkil yerləşdirəndə Vüsal baxıb etirazını bildirdi. İnternetdən onun və daha bir neçə aktyorun təsvir olunduğu şəkillər götürmüşdük. Qəti şəkildə bildirdi ki, hamının bir arada olduğu şəkillər getməlidir, əks halda onun özünün tək şəkli də getməməlidir. Dediyi kimi etməyə məcbur olduq. Yaradıcı heyətin hər bir üzvü haqda səmimiyyətlə, rəğbətlə danışması onun necə dostcanlı, sədaqətli insan olmasının göstəricisi idi. Komanda üzvləri ilə korporativ ruh yaratma meyli ona çox güman ki, erkən gənclik illərində uğurla çıxış etdiyi "Şən və hazırcavablar" klubundan keçmişdi. Sonralar Vüsalın başqa mərd hərəkətlərinin, alicənab jestlərinin şahidi olunca, simpatiyam artdıqca artdı, onun şəxsində yaxşı bir dost kəşf etdiyimə əmin oldum.

WhatsApp Image 2018-04-15 at 15.19.56.jpeg
    Vüsal həm də çox maraqlı insandır. İfrat prinsipiallığı və bir az çılğınlığı onun xarakter cizgilərinə əsla xələl gətirmir, əksinə, onu daha da əsrarəngiz edir. Düşünürəm ki, elə bu keyfiyyətlər birləşərək onu ümumilikdə fərqli, çətin, təzadlı, bir az da "bizimkilərə" oxşamayan obrazların müəllifi Vüsal Hacı Qədir kimi tanıdıb və sevdirib. 2013-cü ildə Moskva Televiziya və Radio İnstitutunu (MİTO) bitirəndən sonra rejissor kimi çəkmiş olduğu qısa və tam metrajlı filmlər kinoşünasların diqqətini çəkib. Aktyor kimi çəkildiyi yerli və xarici filmlərdə bir-birindən maraqlı obrazlar yaradıb. "Səhra almazı" bədii filmində (2014) Maqa, "Həyat sən nə qəribəsən" teleserialında (2016) Teymur, "İki tüstü" bədii filmində (2016) Muxtar, "Don Marleone" bədii filmində (2017) Ded obrazları  aktyorluq sənətinin diqqətəlayiq nümunələrindən hesab olunmaqla, milli kinomuzun yetişməkdə olan gənc aktyorlar nəslinə də örnək sayılmalıdır. Yeri gəlmişkən, həmin rollarda aktyorun improvizasiyalarının da uğurlu alındığını qeyd emək lazımdır. Məsələn, rejissor Elmar Bayramovun "Don Marleone" filmindəVüsal Hacı Qədirin canlandırdığı "Ded"in digər personaj "Xan"la söhbət səhnəsində stəkanı stola çırpması və əlinin qanaması ssenaridə olmasa da, çox təbii alınıb və epizodun tamaşaçıya təsir gücünü qüvvətə yüksəldir.

Adətən, orta və daha yuxarı yaşlı nəslin nümayəndələri olan aktyorlar özlərindən gənc rejissorlardan təklif alanda tərəddüd edir, o vaxtadək qazanmış olduqları şöhrəti məhz gənc rejissorun təcrübəsizliyi ucbatından itirəcəklərindən  ehtiyatlanırlar. Kriminal və dram janrında çəkilmiş, maraqlı süjet xəttinə malik "Barama" serialında Nurəddin Mehdixanlı, Həmidə Ömərova, Namiq Ağayev kimi məşhurların yer alması isə adları çəkilən korifey sənətkarların Vüsal Hacı Qədirlə işləməkdən məmnun olduqlarının göstəricisidir. Söz yox ki, onlar Vüsalı öz keçmiş tərəf müqabilləri olmuş adlı-sanlı rejissorlarla müqayisə də etmiş, peşəkarlığını dəyərləndirmişlər.  
    Elmdən, incəsənətdən yazan bəzi tənqidçilərin ironik bir sözü var: "Bizi bir "Nobel", bir də "Oskar" dərdi öldürəcək".  Əgər kino industriyasına da nüfuz etmiş dünya siyasətinin ikili standartları mane olmasa, deyərdim ki, mən Vüsal Hacı Qədirin şəxsində müstəqil Azərbaycanın kino incəsənətini yaxın gələcəkdə beynəlxalq miqyasda avanqard kimi təmsil edəcək potensial "Oskar" mükafatı laureatını görürəm.
    Aprelin 15-də Vüsalın ad günüdür. Əziz dostuma: " - Nə yaxşı ki, varsan! - deyirəm. - Yoxsa, dünya çox darıxdırıcı olardı..." Bu münasibətlə onu bütün dostları və həmkarları adından ürəkdən təbrik edir, yaradıcılıq sevincləri arzulayıram.

Nüşabə ƏHMƏD

Əlaqəli xəbərlər