Dillər

Ömrü zillətlə keçən qubernator arvadı

1523639453_indir.jpg

Xeyriyyəçi, elm fədaisi, bir neçə dil bilicisi, “xalq düşməni”nin arvadın 89 illik həyatında nələr yaşadı?

Cənub bölgəsinin yetirməsi olan qadınlar arasında ən fədakarını, ən maarifpərvərini, ən cəfakeşini seçmək lazım gəlsə, bizcə ilk beşlikdə qərar tutanlardan biri, bəlkə də birincisi Məryəm Bayraməlibəyova olar.

“Nə xoşbəxt imişəm bir zaman Allah”

Məryəm xanımın ölümündən sonra, şair Əli Kərimin tamam başqa diləklə yazılmış bu misrası sanki onun taleyini əks etdirir.
Ölkənin ən dəyərli maarif fədailərindən biri Teymur Bayraməlibəyovun ailəsində dünyaya göz açan, qubernator xanımı olan, Zeynalabdin Tağıyev kimi xeyriyyəçinin diqqətində olan, gənclik illərində bütün arzularını reallaşdırmaq imkanı qazanan Məryəm xanımın sonrakı taleyi o qədər acınacaqlı olub ki, sanki bu insan bir ömürdə 100 insanın daşıyacağı əzabları daşıyıb.

Böyük maarifpərvərin 9 övladından biri

Məryəm xanım 1898- ci ildə Lənkəranda, böyük maarifpərvər T. Bayraməlibəyovun ailəsində doğulmuşdur.
Teymur bəy hələ uşaq yaşlarında qızına rus, fars və ərəb dillərini öyrətmişdir. Balaca Məryəm müqəddəs Quranı elə avazla oxuyurdu ki, hətta yaşlılar da öz heyranlıqlarını gizlədə bilmirdilər.

Məryəm xanımın anası - tərcüməçi Şirin xanım

Məryəm xanımın anası, Teymur bəyin həyat yoldaşı Şirin xanım Talışxanovlar nəslinə mənsub olmaqla yanaşı, çoxlu bədii klassik əsərləri rus dilindən mükəmməl şəkildə tərcümə edirdi. 
Həmin dövrdə o, Lənkəran qəzasında rus dilində natiqlik məharəti olan yeganə qadın olmuşdur.

Xeyriyyəçi Murtuza Muxtarovun himayə etdiyi Qızıl medallı Məryəm xanım

1906-cı ildə Teymur bəy böyük qızı Məryəmi 8 yaşında H.Z.Tağıyevin himayə etdiyi Bakı Müsəlman Qızlar Məktəbinə qoyur. 1913-cü ildə Məryəm xanım həmin məktəbi bitirib, daha sonra qəbul imtahanlarını “əla” qiymətlərlə verərək “Müqəddəs Nina” məktəbinə daxil olur. 1917-ci ildə burada təhsilini qızıl medalla başa vuraraq Moskva Tibb İnstitutuna daxil olur. Onun təhsil xərcini Bakı milyonçusu Murtuza Muxtarov öz üzərinə götürür. Lakin Rusiyanı bürüyən Oktyabr inqilabının dalğası ona təhsilini başa vurmağa mane olur və o, təhsilini yarımçıq qoyaraq Vətənə qayıtmaq məcburiyyətində qalır.

Teymur bəyin “Oğlanlar”, qızının “Qızlar” məktəbləri

Ömrü zillətlə keçən qubernator arvadı

Həmin vaxtlar T. Bayraməlibəyovun (Xatırladaq ki, T. Bayraməlibəyov Masallının Yeddioymaq kəndində anadan olub) Lənkərandakı evində “Oğlanlar Məktəbi” fəaliyyət göstərirdi. Atasının yaxından köməyi sayəsində Məryəm xanım Lənkəranda çoxdan arzuladığı məktəbi “zəif cinsi” n nümayəndələri üçün “Qızlar məktəbi”ini yarada bilir.
Onlar - ata-bala bütün Lənkəranı dolaşıb “Qızlar” məktəbinə dinləyici yığırdılar.

Teymur bəy, qızının bu arzusunu reallaşdırmaq üçün öz şəxsi evinin bir hissəsinin həmin məktəbin sinif otağı üçün ayırır. Bu bölgədə ilk “Qızlar” məktəbini yaratmaq, bu təhsil ocağına qızları cəlb etmək üçün ata- bala bütün Lənkəranı gəzib-dolaşır.
Bütün bunlar o illərə təsadüf edirdi ki, müsəlman atalar hər yerdə qızlarına elm öyrənməyi qəti qadağan etmişdilər. Ciddi problemlərin olmasına baxmayaraq, Məryəm xanım adamları inandıra bildi, qısa zamanda dinləyicilərin sayı o qədər artdı ki, qızlar sinif otağına sığışmırdılar. Bura 9-12 yaşlarında qızlar cəlb olunmuşdu. Gənc müəllimənin söhbətlərinə qulaq asmağa hətta dindar qadınlar da gəlirdilər. Həm də maraqlı məqam ondan ibarət idi ki, burada tədris rus dilində aparılırdı.

Məryəm xanım burada dram, xor, musiqi dərnəklərini də yaratdı. Bütün tədris işləri ilə özü məşğul olurdu. Onun rəhbərliyi ilə burada S.M. Qənizadənin “Dursunalı və Ballı badı” və “Canlı şəkil” əsərləri səhnələşdirilmişdir.

Məryəm xanımın məktəbi kimləri yetişdirdi?

Onun çəkdiyi zəhmətlər bəhrəsiz qalmadı: Həmin məktəbdə xalq artistləri - Həqiqət Rzayeva, Cahan Talışinskaya, Münəvvər Kələntərli kimi görkəmli səhnə ustaları yetişdilər.
Məryəm xanım Lənkəranda yeganə qadın-pedaqoq idi. O savadsızlıq və qadın köləliyinə qarşı barışmaz mübarizə apararaq, qadınları mədəni- ictimai həyata cəlb etməyə çalışırdı. 

Məryəm xanım bu məqsədlə Lənkəranda ilk Qadın Xeyriyyə Cəmiyyətini yaratmışdı. Şəhərin maarifpərvər qadınlarından Səfurə Səmədova, Cənnət Qurbanova, Kişkinə Kərimova, Bəyim Quliyeva bu cəmiyyətin ilk üzvləri olmuşdur.

Cavad Bəy Məlik-Yeqanovun Lənkərana gəlişi və...

Ömrü zillətlə keçən qubernator arvadı

1918-ci ildən 1919- cu ilə qədər M. Bayraməlibəyova Lənkərandakı 2 illik Müsəlman Qız məktəbində işlədi. O, həm də məktəbin müdiri idi. 1919-1920-ci illərdə isə o, Qadın gimnaziyasının inspektoru vəzifəsində çalışıb. 

Həmin illərdə Lənkəran qəzasında ağqvardiyaçı general Denikenin bandit dəstələri özbaşınalıq edirdilər. Cənubda vəziyyətin ağır olduğunu nəzərə alaraq hakimiyyətdə olan Xalq Cümhuriyyəti Hökuməti Cavad bəy Məlik-Yeqanovu Lənkəran vilayətinə general – qubernator təyin etmişdi. İş başına gəldikdən sonra C. Məlik-Yeqanov burada hərbi vəziyyət elan etdi.

Həmin dövrdə Məryəm xanım hərbiçilər tərəfindən gimnaziyanın ərazisinin işğal olunmasına qəzəblə etirazını bildirir. General –qubernatora ünvanladığı məktubda o məktəbin ərazisinin özbaşınalıq edən hərbiçilərdən tədric olunmasını xahiş edir. 

Qubernatorun üzrü və özündən 20 yaş kiçik Məryəm xanımla məhəbbəti

Məktəbə baş çəkən qubernator Cavad bəy dəymiş ziyana və narahatlığa görə Məryəm xanımdan üzr istəyir. Bu görüş isə gələcəkdə onların ailə həyatı qurmasının bünövrəsini qoyur. Cavad bəy özündən 20 yaş kiçik Məryəm xanımla ailə həyatı qurur.

Məryəm xanımın Bakı həyatı

1921-ci ildə Cavad bəy və Məryəm xanım Bakıya köçürlər. 1921-1923-cü illərdə Məryəm xanım Bakıda 1 –ci dərəcəli və 8 saylı Qadın Əmək Məktəbinə rəhbərlik edir. Xalq teatrında, qadın kurslarında mühazirələr oxuyur. 
1923-1925-ci illərdə Bakı şəhər XMŞ-də metod komissiyanın üzvü, 89 və 81 saylı məktəblərin direktoru kimi pedaqoji və ictimai işlərdə fəallıqla çalışır.

Ümumittifaq qurultayında Şərq qadınlarını təmsil edən və Leninin həyat yoldaşını heyran edən insan

Ömrü zillətlə keçən qubernator arvadı

M. Bayraməlibəyova SSRİ- i Müəllimlər Qurultayına nümayəndə seçilir. Həmin Ümumittifaq Forumunda o, təkcə Azərbaycanın deyil, bütün Şərqin qadınlarını təmsil edirdi. Məryəm xanım çıxışında V.İ Leninin həyat yoldaşı N. Krupskayanı heyran edir. SSRİ Maarif naziri A.Lunaçarski nəzakətlə Məryəm xanımın əlini öpərək onu Moskvaya dəvət edir. Məryəm xanım isə bu təklifdən imtina edərək “İndi Vətənimə daha çox lazımam” -deyir. 

M. Bayraməlibəyovanın qurultaydakı alovlu və məzmunlu çıxışı Kalininin, Frunzenin və digərlərinin də böyük marağına səbəb olur. “Pravda” qəzeti qurultayda M. Bayraməlibəyovanın söylədiyi çıxışın tam mətnini dərc edir.

1925-1926-cı illərdə M.Bayraməlibəyova Nümunəvi Qadın Məktəbində direktor və Həmkarlar təşkilatının katibi vəzifələrində çalışır. 
1926-cı ilin mayından nəşr olunmağa başlanan “Maarif işçisi” jurnalının ilk nömrəsində “Türk qadını yeni qurtuluş yolunda” məqaləsi ilə çıxış edir. “Yeni məktəb”, “Şərq qadını”, “Maarif işçisi”, jurnallarında müxtəlif mövzularda yazılar çap etdirir.

1926-1927-ci illərdə o, Pedaqoji Texnikumların Bakı Birliyi Nümunəvi Məktəblərinin müdiri təyin olunur.
M. Bayraməlibəyova ali təhsil almağı çox arzulayırdı. 1927-ci ildə o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur, dörd ildən sonra həmin təhsil ocağını fərqlənmə diplomu ilə başa vurur. Aspiranturada təhsil aldığı müddətdə o öz işini ictimai fəaliyyətlə də əlaqələndirir.

Məryəm xanımın tərcümələri 

Onun tərcümələri sayəsində rusdilli oxucular M.P.Vaqif, M.V.Vidadi, S.Vurğun, S.Rüstəm kimi tanınmış Azərbaycan şairlərinin yaradıcılıqları ilə tanış olurlar.
M.Bayraməlibəyovanın pedaqoji və ictimai fəaliyyəti 1937-ci ilə qədər davam edir. N.Nərimanov adına Sənaye Texnikumunda (1923-1933) və Azərbaycan Tibb İnstitutunda (1934-1937) rus dili müəllimi işləyir.

Ailənin faciəli günləri

Bu mehriban ailənin normal həyatı 1930-ci ildə sona çatdı.
Məlum olduğu kimi Cavad Məlik-Yeqanov Azərbaycan parlamentində, respublikanın müstəqilliyinə imza atan 16 üzvdən biri idi. 12 ildən sonra Cavad bəyin bir vaxtlar etmiş olduğu “cinayət” bolşeviklərin yadına düşür. QPU - nun (Baş Siyasi İdarə) uzun müddətli canüzücü məhkəmə proseslərindən sonra Lənkəran qəzasının keçmiş general- qubernatoru, Məryəm xanımın həyat yoldaşı Cavad bəy Məlik-Yeqanov 10 il müddətinə uzaq Kareliyanın islah cəzaçəkmə düşərgəsinə göndərildi. 1942-ci ildə C. Məlik-Yeqanov orada vəfat etdi.

“Xalq düşməninin arvadı” 

Məlik – Yeqanovlar ailəsinin həbsi təkcə bu ocağın başçısının zindana atılması ilə bitmədi. Məryəm xanıma əvvəlcə o illər üçün çox dəhşətli olan “Xalq düşməninin arvadı” etiketini yapışdırdılar. 1937-ci ildə isə Müsavat partiyasının fəalı kimi istintaqa cəlb etdilər. Halbuki o, heç bir siyasi təşkilata mənsub deyildi.
Həmin vaxtlar Məryəm xanım SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M. İ. Kalinindən kömək istəyir. Lakin əbəs yerə. 15 noyabr 1937-ci ildə NKVD əməkdaşları Məryəm xanımı yaşadığı mənzildə həbs edirlər. Bu vaxt onun həyat yoldaşı Cavad bəy artıq 6 il idi ki, həbsdə idi.

Məryəm xanımın məhbus həyatı

Məhbus həyatının ilk aylarını Bayıl həbsxanasında keçirən Məryəm xanımı sonra uzaq Arxangelskə yola salırlar. Şimali Dvina çayının sahillərində ona ən ağır işlər tapşırır, işgəncələr verirlər.
Uzun illər ərzində topladığı biliklər burada da Məryəm xanımın karına gəlir, o, ağır fiziki əməkdən ayrılır, yerli müəssisələrin birində mühasib vəzifəsini icra edir. 

Gözlərinin işığını itirən Məryəm xanım

Tezliklə onu ağır xəstəlik yaxalayır- gözlərinin torlu qişası zədələnir. Xəstəliyinə görə müalicə almaq adı ilə onu Moskvaya - Butırsk həbsxanasına köçürürlər. “Müalicə”- dən sonra o, yenidən Arxangelsk, sonralar Karaqan həbsxanalarına göndərilir.

11 illik həbsdən sonrakı həyat

1948-ci ildə, onun 50 yaşı tamam olanda həbs müddəti başa çatır və M.Bayraməlibəyova Bakıya qayıdır. Həmin dövrə qədər o, tamamilə görmə qabiliyyətini itirir, əmək və ictimai fəaliyyətini davam etdirə bilmir. Əlillik onu mənəvi cəhətdən sarsıdır.
Stalin repressiyasını görmüş bu əyilməz qadın yuxarı instansiyalara müraciət edərək onun işinə yenidən baxılmasını tələb edir.
Nəhayət, 1956-ci ildə ədalət zəfər çalır. SSRİ Ali Məhkəməsi kollegiyasının qərarı ilə irəli sürülmüş bütün ittihamlar üzərindən götürülür. Bir il sonra isə Məryəm xanımın həyat yoldaşı C. Məlik- Yeqanova da ölümündən sonra bəraət verilir.

Fərdi pensiyaçı, 3 qız anası Məryəm xanım

Ömrü zillətlə keçən qubernator arvadı

1964-cü ildən Məryəm xanım fərdi pensiyaçı idi. Onun üç qızı: Azərə, Yaleyə və Asimə ali təhsilli mütəxəssis idilər. Azərə tibb elmləri namizədi, Əməkdar tibb işçisi, tanınmış həkim oldu.
Asimə isə anası haqqında deyirdi ki, anam mehriban və qayğıkeş bir insan idi. O, nahaq mühakimə olunmasını həmişə xatırlayır, bu işdə M.C. Bağırovu təqsirləndirirdi.
O, rus, alman, ingilis, fars və fransızca danışmağı bacarırdı.

1964-cü ildən Məryəm xanıma dövlət tərəfindən fərdi təqaüd ayrılmışdı. O, 1987-ci ildə 89 yaşında Bakıda vəfat etmişdir. Sanki Tanrı zülmlü günlərini nəzərə alıb ona uzun ömür qismət etmişdi.

2000–ci ildə C. Məlik-Yeqanovun Məryəm xanımla Bakıda yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. 
Təəssüf ki, M. Bayraməlibəyovanın adı və xidmətlərinə lazımınca diqqət yetirilməmişdir. Onun xatirəsini əbədiləşdirmək üçün Məryəm xanımın uzun illər çalışdığı Bakıdakı 89 saylı məktəbə və doğulduğu cənub torpağında bir sıra obyektlərə bu cəfakeş qadının adının verilməsi çox ədalətli bir addım olardı. 

Onun haqqında kitablar yazılması, filmlər çəkilməsi bugünkü gənc nəsil üçün əsl nümunə sayılardı. Məryəm xanım yaşadığı şərəfli və əzablı ömür yolu ilə buna layiqdir.

O, nəinki belə ucalıqlara, hətta heykəli qoyulmağa layiq bir ömür yaşayıb.


Zahir Əmənov

Əlaqəli xəbərlər