Dillər

MİLLİ ORDUMUZUN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

IMG-20180611-WA0021.jpg

May ayının 11-də  M.Maqomayev adına  Dövlət Filarmoniyasında Azərbaycan  Respublika Mədəniyyət  Nazirliyi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycanın milli ordusunun yaradılmasının 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tamaşaçılarının əksəriyyəti Azərbaycan ordusunun əsgər və zabitləri olan tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı deyib:

“1918-ci ildə qurulan müstəqil Azərbaycan dövlətinin ömrü 23 ay çəksə də, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi yenidən bərpa olundu.  Böyük tarixi şəxsiyyət, siyasət elminin mahir bilicisi Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı isə bu müstəqilliyin əbədi olmasının qarantı oldu. Ümummilli liderimiz ölkəni labüd süqutdan xilas etdi və onun rəhbərliyi altında Azərbaycanda ordu quruculuğunun da yeni mərhələsi başlandı. Silahlı Qüvvələrin formalaşması prosesi geniş vüsət aldı.  Bu proses dünya təcrübəsinə və milli dəyərlər sisteminə əsaslanmaqla uğurla davam etdirildi. Qısa müddətdə atılan düşünülmüş addımlar öz bəhrəsini verdi - nizami ordu yaradıldı”.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il mayın 28-də imzaladığı Fərmanla hər il iyun ayının 26-nın  Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunduğunu xatırladan M.Qasımlı Ulu öndərin bu sözlərini xüsusilə diqqətə çatdırıb: “Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir, amma Azərbaycan əsgəri, zabiti mənə hər bir vətəndaşdan daha əzizdir, daha yaxındır”.
Professorun çıxışında o da vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən inamla, uğurla davam etdirilir, ordumuz yeni silah və texnika ilə təchiz edilir. Bu gün Milli Ordumuz müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır.
Sonra tədbirin bədii hissəsi başlayıb. Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun, aşıqlardan Əməkdar Mədəniyyət İşçisi Ağamurad İsrafilov, Cahangir Quliyev, Tərmeyxan Qurbanov, Altay Məmmədli, Nəbi Nağıyev, Şöhrət Kərimov, Gözəl Kəlbəcərli, Şaiq İncəli, Avdı Musayev, Qələndər Zeynalov, Bəhmən Göyçəli, Roman Azaflı, Səyyad Aydınoğlu və digərlərinin çıxışları tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb.

IMG-20180611-WA0025.jpg

IMG-20180611-WA0027.jpg

 

Əlaqəli xəbərlər