Dillər

Müğənni Zaur Babayev: ÖZ ANA DİLİNDƏ MAHNI OXUMAYAN MÜĞƏNNİLƏR ÖZÜNÜ TANIMIR

 zaurbabayev4

Müğənni Zaur Babayevin "Aləm" ədəbi-bədii, elmi-publisistik jurnalına verdiyi müsahibəni oxucularımıza təqdim edirik:

- Salam, Zaur müəllim, necəsiniz? 

- Salam, çox sağ olun, təşəkkür edirəm, Vüqar müəllim, minnətdaram! İlk öncə, sizə minnətdarlığımı bildirirəm ki, millətimiz, xalqımız üçün belə bir jurnal təsis etmisiz. Bu çoxdan olmalı idi. İndi biz talış dilində sizin və digər talış yazarlarının kitablarını, əsərlərini, şeirlərini görəndə fəxr edirik. Sevinirik ki, ədəbiyyatımız, folklorumuz, tariximiz, musiqimiz yenidən bərpa olunur və inkişafa doğru gedir. Əlbəttə, bunlar sizin və sizin kimi qeyrətli oğulların və qızların zəhməti ilə baş verir. Buna görə təşəkkürlər sizə! Mübarəkdir, xeyirli olsun! Mən inanıram ki, İnşallah, jurnalın gələcəyi uğurlu olacaq. Jurnalın hər üç nömrəsi məndə var, buna görə sənə öz təşəkkürümü bildirirəm. Arzu edirəm ki, uzunömürlü olsun və ardı gəlsin, yeni jurnallarımız, kitablarımız nəşr olunsun. Əgər bu gün bizə bu şərait yaradılıbsa, nəyə görə biz bunu etməyək? Vaxt var idi ki, qəti icazə vermirdilər. Bizim də borcumuzdur ki, indi bunu edək. Necə ki, sən ədəbiyyat sahəsində, mən musiqi sahəsində öz işimizi görürük, hamı da elə etməldir.

- Zaur müəllim, Lənkəran kimi gözəl, səfalı bir yerdə dünyaya göz açmısız. Gözəl sənətkarımızın uşaqlıq, məktəb illəri haqqındakı xatirələri oxucularımız üçün də mardaqlı olardı.
- Uşaqlıq illəri haqqında belə deyə bilərəm ki, uşaqlığım qeyri-adi keçməyib. Bütün uşaqlar kimi normal uşaqlıq həyatı yaşamışam. Çox dəcəl olmuşam. Uşaqlıqda məndə musiqiyə çox böyük həvəs, maraq olub. Hələ uşaq vaxlarından bizim zonanın müğənnilərinin oxuduğu mahnıları demək olar ki, əzbərdən bilirdim. İsrail Məmmədovun, Cavad Rəcəbovun, Baloğlan Əşrəfovun, Yusif Mustafayevin, Qədir Məmmədovun, Ağadadaş Ağayevin yeni kaseti çıxan kimi qaçıb gedib bazardan alırdım, dinləyib öyrənirdim. Bunun sonralar, gələcəkdə yaradıcılığımda mənə çok böyük köməyi oldu. Həmin mahnıları bilməyim, el məclislərində ifa etməyim mənə çox reytinq qazandırdı. İndiki müğənnilərin çoxunun həmin mahnılardan xəbəri yoxdur.
Məktəb illəri də ki, normal keçib. Deməzdim ki, əla oxumuşam. Ən çox sevdiyim fənn də “Azərbaycan dili və ədəbiyyatı” olub. Humanitar fənləri çox sevmişəm. Məktəbdə keçirilən tədbirlərdə iştirak etmişəm. Mən 6-cı sinifdə oxuyanda məktəbimizdə Gərmətük Özfəaliyyət Dərnəyinin konserti oldu. İlk dəfə həmin tədbirdə “Azərbaycan maralı” mahnısını ifa etdim. Ondan sonra məni kəşf etdilər. Gördülər ki, Zaurun səsi var, Zaur oxuya bilər. Cetdikcə özümə inamım artdı. Uşaqlıq, məktəb illəri haqqında bu qədər.
- Zaur müəllim, necə oldu ki, musiqiyə sonsuz həvəsiniz olduğu halda, orta məktəbi bitirdikdən sonra musiqi məktəblərinin birində yox, Bakı Plan İqdisad Kollecində təhsil almağı qərara aldınız?
- Bu mənim ən yaralı yerimdir. Bu reallıqdır ki, bütün valideynlər isəyirlər ki, övladı ali təhsil alsın. Valideynlərimin istəyi ilə sənədlərimi Bakı Plan İqdisad Kollecinin “İqtisadiyat” fakültəsinə verdim. Yəni, onların sözündən çıxa bilmədim. Onlar da istəyirdilər ki, mənim əlimdə bi sənətim olsun. Mən də tam əmin deyildim ki, müğənni kimi el şənliklərində iştirak edə bilərəm. Əgər həmin vaxt tam əmin olsaydım ki, mən incəsənət sahəsində uğur qazana bilərəm, əlbəttə, valideynlərim də mənimlə razılaşardılar. Mən dəqiq bilmirdim ki, mən gələcəkdə müğənni ola bilərəm, yoxsa yox?! Sadəcə, həvəsim və gözəl səsim var idi. Evdə mahnı oxuyanda, atam zarafatla deyərdi ki, yeri, get özün üçün sənət tap. Mənim kimi onlar da mənim müğənni olacağıma inanmırdılar, əmin deyildirlər. Ancaq elə oldu, mən bu sahədə uğurlar qazandım. Mənə bu yolda heç kim kömək etməyib. Bütün uğurlara öz gücümlə nail olmuşam.
- 1993-cü ildə Lənkəranda keçirilən "7-17" musiqi musabiqəsinin qalibi olmusunuz. Bu həmin dövrdə 20 yaşlı bir gənc üçün böyük uğur idi. Necə oldu ki, bu müsabiqədə iştirak etmək fikrinə düşdünüz? Həmin anlarda nə hisslər keçirirdiniz?
- Həmin müsabiqənin qalibi mənimlə bərabər Kamran Abdullayev (indi Sankt-Petrburqda yaşayır), bir də Lerikdən olan bir qardaşımız oldu. Çünki, üçümüzün arasında seçim edə bilmədilər. 1993-cü ildə kolleci qutarıb rayona gəlmişdim. Həmin sahədə işləmək fikrim yox idi. Fikrim sənətin yanında qalmışdı. Yaxın dostlarla özfəaliyyət dərnəklərində özümüz üçün oxuyurduq. Bizə dedilər ki, Lənkəranda "Ziyalılar Evi"də "7-17" müsiqi müsabiqəsi keçiriləcək. Getdik, adımızı yazdırdıq. Bu müsabiqədə Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvardan gələn müğənnilər də iştirak edirdi. Oxuduq, xoşlarına gəldi, qəbul etdilər. Turları keçə-keçə, nəhayət finala çıxdım. Bu müsabiqə mənim yaradıcılığıma çox böyük təkan verdi. Məndə özümə inam yarandı. İnsanların mənə olan məhəbbətini, sevgisini gördükcə daha da həvəsləndim. Mən hiss etdim ki, məndə bu istedad var. Həm də bu müsabiqədən sonra o dövrün müğənniləri bizim səsimizi eşidib, bizi ikinci müğənni kimi el şənliklərinə, toylara aparmağa başladılar. Biz əsasən, toylarda yeni çıxan mahnıları oxuyurduq.
- İllər öncə, uzun müddət "Səma" qrupu ilə çalışmısınız. O dövru, həmin kollektivi, necə xatırlayırsız? İndi də həmin kollektivin üzvləri ilə münasibətiniz varmı?

zaur babayev 3
- “Səma” qrupundan əvvəl mən 4-5 il Astara rayonunda fəaliyyət göstərdim. 1997-2001-ci ildə musiqi fəaliyyəim sırf Asrara ilə bağlıdır. Demək olar ki, həmin illərdə mən Astaranın əksər kəndlərində, məhəllələrində toylarda, el şənliklərində iştirak etmişəm. 2002-ci ilin oktyabr ayında Tahir Əliyev məni “Səma” qrupuna dəvət etdi. “Səma” həmin dövrlərdə tanınmış, seçilən bir ansambl idi və rəhbəri Tahir Əliyev idi. O, yaxşı gitara ifa etməklə yanaşı, həm də gözəl pedoqoq idi. Sanki, o, musiqidə mənim gözlərimi açdı. Ondan çox şey öyrəndim. Onun ansamblında güclü qayda-qanun var idi. Hər bir müğənni, musiqiçi arzu edirdi ki, həmin musiqi qrupunun, ansamblın üzvü olsun. Mən də Tahir müəllimin təklifini qəbul etdim və 2008-ilin sonuna kimi fasiləsiz həmin ansamblla çalışdım. Həmin müddətdə Əminə Bağırova ilə birgə klipimiz çəkilib və “Space” kanalı ilə yayımlanıb. Sonralar Elza İbrahimovanın “Bu odlu baxış” mahnısına klip çəkilib, “AzTV” də “Səhər” proqramında iştirak etmişik. İşlərimiz demək olar ki, yaxşı gedirdi. Ancaq ansambl nə qədər yaxşı olsa da, orda sən kimdənsə asılı vəziyyətdəsən, yəni özünü sərbəst hiss edə bilmirsən. Sonralar fikirləşdim ki, mən artıq tam sərbəst çalışa bilərəm, buna hazıram. Fikrimi rəhbərliyə bildirdim, halallaşdıq və ayrıldıq. Çox gözəl kollektiv idi. Düzdür, Tahir müəllim artıq burda deyil, Moskvada yaşayır. Ancaq, həmin ansambl fəaliyyət göstərir. İndi də, tez-tez həmin ansamblın indiki üzvləri ilə görüşürük, musiqi haqqında söhbətlərimiz olur, dərdləşirik. Münasibətlərimiz normaldır.
- Zaur müəllim, "Səma" qrupundan sonra 8 ildir ki, "Cənub" instrumental ansanblı ilə birgə işləyirsiz. Kollektiviniz haqqında fikirlərinizi bilmək istərdik.
- “Səma” qrupundan ayrlandandan sonra tanıdığım, inandığım musiqiçiləri toplayıb məsləhətləşdik, hamı razılaşdı və “Cənub” instrumenal ansamblını yaratdım. Bu günə qədər həmin instrumental ansamblın bədii rəhbəriyəm və həmin kollektivlə çalışıram. Hamısı da istedadlı, savadlı insanlardır. Elnur Zeynalov, Zamiq Abdullayev, Peyman, İlqar, Fariz, Ruslan kimi gözəl insanlarala, musiqiçilərlə bir yerdə işləmək mənə çox xoşdur. Bu müddət ərzində ansamblımıza gələnlər, ansamblımızdan gedənlər çox olub, ancaq bu günə qədər fəaliyyətimiz davam edir. Məsələn, gözəl klarnet ustası Natiq müəllim işi ilə əlaqdədar olaraq qrupdan ayırılıb. Səbəb də bu idi ki, o, tez-tez Rusiyaya toy məclislərinə gedirdi. Xoş münasibətlərlə ayrıldıq. İndi ansamblımızda klarnet ifaçısı gözəl sənətkarımız İlqar müəllimdir. İşlərimiz davam edir və şükür Allaha ki, hər şey yaxşıdır.
- 2001-2003- cü illərdə Asəf Zeynallı adına kollecdə xanəndəlik fakultəsində musiqi təhsili almısız və müəlliminiz gözəl sənətkarımız, muğam ustası Əlibaba Məmmədov olub. Sizə həmin illərdən, unudulmaz sənətkarımızdan hansı xatirələr qalıb?
- Bu kollecdə təhsil almağıma valideynlərim qəti razı olmadılar. Çünki, mən artıq oxumuşdum və sənətim var idi. Onlar da istəyirdilər ki, oxuduğum ixtisasa üzrə çalışım, işləyim. Həm də mənim əziyyətlərimi görürdülər. Çünki, mən həmin vaxtlarda həm də el şənliklərində, toylarda iştirak edirdim. Ancaq mənim fikrim qəti idi. Söz vermişdim ki, mən musiqi təhsilimi, savadımı artırmalı idim. Mahnı oxumaqla hər şey həll olunmurdu, mən musiqi dərindən öyrənməli, muğamlarımızı ifa etməli idim.
Beləliklə sənədlərimi təqdim etdim və qəbul olundum. Elə oldu ki, burda gözəl sənətkarımız Əlibaba müəllimlə rastlaşdım. Sinifə girən kimi gözü məni tutdu.
Məndən soruşdu:
-Hardansan?
Cavab verdim:
-Lənkərandanam.
Dedi:
- Gəl, Talış.
Şöbə müdiri Rasim müəllim də gəldi. Rasim müəllim indi Sumqayıtda musiqi məktəbinin direktorudur. Məni Əlibaba müəllimə göstərərək dedi:
-Əmi, bu oğlan sənin sinifində oxumaq istəyir.
Əlibaba müəllim dedi:
-Əminin sinifində oxumaq üçün onun gərək gözəl səsi olsun. Gərək bəyənim, sonra..
Segah oxumağımı istədi. Yaman sevinirdim, təsəvvür edin ki, mən bu adamı efirdə görmüşdüm, mahnılarını sevə-sevə oxumuşam, vurğunu olmuşam.Deməli, bu imtahandan keçə bilsəm bu böyük sənətkar 3 il mənə dərs verəcək. Ələkbər müəllim də tarzən idi. Başladım, nə başladım. Yarıya qədər oxumuşdum dedi ki, saxla, sən keçdin. Sevincimin həddi-hüdudu yox idi. Beləliklə, 3 il ərzində nə bacardımsa, onu da əmidən öyrəndim. Xətrimi çox istəyirdi, həmişə məndən razı qalıb. Həyatımın unudulmaz günləri idi həmin günlər! Demək olar ki, onun mahnılarının çoxunu oxuyuram. Mən onun tələbəsi olmuşam deyə, toylarda ən çox onun mahnılarını sifariş verirlər.
Həmin vaxtlar mənim üçün çox çətin idi, Vüqar. Bir ayağım Bakıda, bir ayağım Lənkəranda idi. Bakıdan yola düşəndə maşında yatırdım, gedib Astarada, Lənkəranda toyda iştirak edirdim, qayıdanda yenə maşında yatırdım ki, sabah dərsdəyəm. Çox əziyyət çəkirdim.
- Demək olar ki, el şənliklərində mütəmadi iştirak edirsizniz. Hiss edirsinizmi, xalqımız getdikcə öz keçmiş toy adət-ənənələrindən uzaqlaşır?
- Bilrsən, necədir, qardaş? Mən keçmiş toy adət-ənnələrindən müəyyən adət-ənənələrin itməsinə qarşı deyiləm. Cılızlaşlaşdırılmış adət-ənənələrimiz cox idi. Məsələn, əvvəllər toylarda "bəy tərifi" var idi, "xələt salma" var idi ki, bəy toyxanada dövrə vurub pul yığırdı, "şabaş atmaq" var idi. İndi də bəzi yerlərdə bu adətlər az da olsa, qalıb. Nə bilim, bəlkə də lazımdır, lakin mən yaxşı qarşılamırdım. Elə ki, "palatka" toyları azaldı, şadlıq sarayları artdı və həmin ənənələr getdikcə itdi. Amma, indiki toylarımızı keçmişdəki toylarla müqayisə etsək, demək olar ki, biabırçılıqdır. Səbəbi, internet, mənasız-mənasız musiqilərin bizim musiqimizin içinə girməsi, xarici mahnıların bizim mahnılarımızı kölgədə qoyması, gənclərimizin həmin xarici musiqilərə meyl etməsi və s. Təsəvvür et ki, onlar uşaq vaxtlarından xarici musiqilərə qulaq asırlar. Uşaqlarımıza milli musiqimizi təbliğ etməkdənsə, onların xarici mahnılara, musiqilərə meyl etməsinə şərait yaradırıq. Əvvəllər belə deyildi, rus musiqisinə və azərbaycan musiqisinə qulaq asırdılar. Uşaqlar əsasən milli musiqimizin səsi ilə böyüyürdülər və toylarda da həmin mahnıları sifariş edirdilər. Ancaq, son vaxtlar hiss etmək olur ki, milli musiqimizə həvəs artır. Bəzən elə olur ki, toy sahibi bizə deyir ki, toyun sonuna kimi ancaq milli mahnılarımızı, bəstəkar mahnılarını oxuyun. Həm də toylarda 30 dəqiqədən çox diskoteka mahnıları davam edirdi. İndi, 10-15 dəqiqə davam edir. Artıq insanların beyni bu musiqilərdən doyub. Əli Mirəliyevin bir sözü var idi. Deyirdi ki, sən "Can cana"nı oxumaqla Biləcəridən o yana gedə bilməzsən. Düz də deyirdi. 1 ildən sonra həmin mahnı yox idi. İndi o mahnını heç bir yerdə eşidə bilməzsən. Amma, Rəşid Behbudov, Şövkət Ələkbərova, Əlibaba Məmmədov, İslam Rzayev, Akif İslamzadə, Huseynağa Hadıyev, Məmmədbağır Bağırzadə, Səxavət Məmmədov və digər gözəl sənətkarların mahnıları hələ yaşayır və yaşayacaq. Onların ifa etdikləri mahnıları hansı toyda oxuyuramsa, hamı sevə-sevə qulaq asır. Bu mahnılar insanlarımızın beyninə elə hopub ki, iki əsr keçsə də, həmin mahnıları xalqımız dinləyəcək. İndi isə, bizim musiqilərimizin coxu müvəqqəti musiqilərdir. Bir ildən çox çəkmir, bir ildən sonra yaddan çıxır. Mirzə Babayev "Liman" mahnısını 80-ci iilərdə oxuyub. İndi də həmin mahnını oxuyanda hamının xoşuna gəlir, dinləkməkdən yorulmurlar. Yaxud, Rəşid Behbudovun "Alagöz" mahnısını, Akif İslamzadənin "Alagözlüm" mahnısını, Bülbülün "Sənsiz" mahnısını misal gətirmək olar. İndi də cavanlar həmin mahnıları qulaq asmaq istəyirlər. Bu gün Niyaməddin Musayevlə birlikdə idik. Dedi ki, Zaur, mahnı var toy üçün, mahnı var efir üçün, mahnı da var tarixdə qalmaq üçün oxunur. Həqiqətən belədir.
Mən belə fikrləşirəm ki, bəlkə də on ildən sonra yenə də əvvəlki musiqilərimizə qayıarıq. Çünki, insanlar görürlər ki, nə varsa, həmin musiqilərdə var.

Zaur babayev 2

- Zaur bəy, sizi həmişə gülərüz, zarafatcıl görmüşük. Həmişə beləsiz, yoxsa, əsəbləşən vaxtlarınız olur? Hirslənəndə hirsinizi necə soyudursunuz?
- Hirslənəndə gülürəm (gülür). Deyirlər ki, gülüş çox dərdin dərmanıdır. Əlbəttə, hisrsəlnirik, çünki iştirak etdiyimiz el şənliklərində hər xasiyyətdə insan olur. 6-7 saat həmin adamların qulluğunda olmalısan, məclisi elə idarə etməlisən ki, hamının xoşuna gəlsin, sifarişləri qəbul etməlisən və s. Mümkün deyil ki, əsəbləşməyim. Ümumiyyətlə, mən inanmıram ki, əsəbsiz insan olsun. Deməzdim ki, çox hirsli, əsəbi adamam. Ancaq, az da olsa var.
- Kitab oxumaqla aranız necədir? Oxuduğunuz kitabların içində talış dilində kitablar varmı?
- Məndə talış dilində ancaq sizin şeir kitablarınız və Aytən Eyvazonun "Dıli sədo" kitabı var. Mən kitabın xəstəsiyəm. Lənkəranda mənim şəxsi kitabxanamda, yalan olmasın, 1500-ə yaxın kitab var. Dünya ədəbiyatına, azərbaycan ədəbiyatına aid romanlar, povestlər, dastanlar, şeerlər, hekayələr, tarixi əsərlər və s. kitablarım çoxdur. Mən həmişə kitabı alarkən ilk səhifəsinə baxıram, əgər mənim xoşladığım bir mövzu haqqında məlumat varsa, həmin kitabı alıram. Dedektiv əsərləri çox sevirəm. Xoşuma gələn kitabı, ən azı 4-5 dəfə oxuyuram. "Dartanyan və üç müşketyor" əsərini düz on dəfə oxumuşam. Kəndimizdə kitabxanada Məmmədhuseyn Əliyevin "Dağlar oğlu" kitabını bəlkə də iyirmi dəfə oxumuşdum. Həmin kitabı oxuyarkən özümü orda baş verən hadisələrin içində hiss edirdim. Bu kitabdakı bolşeviklər haqqında məlumatlar, Mahmud Eyvazovun başına gələn hadisələr, Züvandda olan inqilabi proseslər, qaçaqlarla mübarizə, xalqımızın o dövrlərdə vəziyyəti mənə çox maraqlı idi. İllər keçdikcə, mən dedektif janrda olan əsərləri oxumağa daha çox üstünlük verdim. Demək olar ki, Çingiz Abdullayevin kitablarının 99 %-ni oxumuşam. Son vaxtlar gənc yazarların dedektiv əsərlərini oxuyuram.
- Nədənsə, talış müğənnilərinin çoxu efirlərdə, el şənliklərində talış dilində mahnı oxumaqdan çəkinirlər. Bəzi müğənnilərdən bunun səbəbini soruşduqda cavab verirlər ki, bizə imkan verilmir. Bu bəhanələrdən belə sual yaranır ki, bəs necə olur ki, İsrail Məmmədov, Cavad Rəcəbov, Baloğlan Əşrəfov, Zaur Babayev kimi sənətkarlar televiziya kanallarında talış dilində mahnı oxuyurlar, onlara imkan verilir, sizə imkan verilmir? Zaur müəllim, sizin fikrinizcə, ana dilimizə bu biganəliyin səbəbi nədir?
- Sən inanırsan ki, elə müğənnilər heç özləri də bilmirlər ki, niyə ana dilimiz olan talış dilində mahnı oxumurlar. Kim deyirsə ki, indi efirlərdə talış dilində mahnı oxumağa icazə vermirlər, yalan deyir. Ən öndə gedən kanallardan biri də "Lider" kanalıdır. Mən iki dəfə həmin kanalda verlişlərdə iştirak etmişəm. Murad Arif özü məndən xahiş edib ki, talış dilində mahnı oxu. Məndən soruşdu:
-Lənkəranlısan, talış dilini bilirsən?
Dedim:
-Elə şey olar, Talış talış dilini bilməsin?
Dedi:
- Bəs talış dilini bilirsənsə, ana dilində niyə oxumursan?
Mən də talış dilində mahnı hazırlamışdım ki, imkan olsa oxuyaram. Dedim:
- Oxuyum?
- Əlbəttə, oxu.
Beləliklə talış dilində mahnını ifa etdim, hamının da xoşuna gəldi. Sonra həmin kanalda "Səhər" verlişinə çıxdım. Nuranə xanım dedi ki, Zaur müəllim, bu gün talış dilində bizim üçün oxuyarsız ya yox!? Öz mədəniyətini, incəsənətini, ədəbiyatını, müsiqini insan özü reklam etməlidir. Məlum məsələdir ki, efirdə həmin müğənni öz ana dilində oxumaq istəməsə, heç kim onu məcbur edə bilməz ki, sən ana dilində mahnı oxu. Bu yaxınlarda, kanalların birində İsrail müəllimlə bir verlişdə iştirak etdik. Mən dedim ki, bəs talış dilində bir mahnı oxumaq istəyirəm. İsrail müəllim də ordakılara bildirdi ki, mən həmişə sizin kanalda talış dilində mahnı oxumuşam. Bu verlişdə hər ikimiz talış dilində bir mahnı oxumaq istəyirik. Beləliklə, ana dilimizdə gözəl mahnılar oxuduq, talış müsiqisinin tarixindən söhbət etdik. Çox gözəl qarşıladılar. Nəyə görə oxumamalıyıq? Ana dilimizdə mən oxumayım, məndən sonra gələn oxumasın, bəs kim oxuyacaq? Mən Azərbaycan vətəndaşıyam, Azərbaycan dövlətində yaşayıram, onun qayda-qanunlarına əməl edirəm. Mənim millətim Talışdır. Mən bunu dana bilmərəm. Dilim var, tarixim var, mədəniyyətim var. Bunu hamı başa düşür.
Bir sözlə, öz doğma ana dilində mahnı oxumayan müğənnilər özünü tanımır. Özünü tanıyan müğənni ana dilində oxumalıdır. Əgər qoymurlarsa, belə haqsızlığa qarşı mübarizə aparmaq lazımdır.
- Uzun müddətdir ki, Lənkəran C. Cabbarlı adına musiqi məktəbində xanəndə müəllim işləyirsiz. Yüzlərlə şagirdiniz olub. Bu illər ərzində çəkdiyiniz zəhmətin bəhrəsini görə bilrsiz?
- Ustad Əlibaba Məmmədovun bir sözü var idi. Deyərdi ki, Zaur, mənim balam, sən elə bilirsən ki, əmi hər 3-4 ildə 20-dən çox şagird yetişdirir, onların hamısı yaxşı oxuyan olur. Xeyr, onlardan 2-3 nəfəri yaxşı oxuyan olsa, papağımı göyə ataram.
Yerindən duran deyir ki, Əlibaba müəllimin tələbəsi olmuşam. Nə olsun ki, Əlibaba müəllimin tələbəsi olmusan? Neyləmisən, hardasan? Getmisən, dinləmisən, guya ki, sən də oxumusan.
Tələbələrimdən Tural Babazadə, maşallah, Allah saxlasın, cavan müğənnidir. Opera və balet teatrında çalışır. Xarici mahnıları da gözəl ifa edir. Sonra, tələbələrimdən Eldost Köçəriyev da çalışqan, gözəl müğənnilərdən biridir. Sənətdə daim axtarışda, yeniliklər uğrunda mübarizədədir. Allaha qurban olum, görürsən ki, bir insana səs verib, ancaq bacarığı yoxdur, həmin səsdən istifadə edə bilmir. Amma, adam var, görürsən ki, Allah ona səs verməyib, o, olmayan səsi ilə gözəl bir mahnı ortaya çıxardır. Deiysən, İlahi, kaş sən səsi buna verərdin. Bizdə, o vaxtlar, Hüsü adlı biri var idi. Onun çox gözəl, məlahətli səsi var idi. Ancaq, yaddaşı yox idi. Əlibaba Məmmədov baxıb deyirdi ki, sənə qurban olum, ay Allah, sən bu səsi verərdin bu talışa da.. Aypara Cabbarova adlı tələbəm olub. Çox məlahətli səsi var idi. Düzdür, sonralar sənətini davam etdirmədi, ancaq həqiqətən gözəl müğənni idi. Ondan sonra, Şəmsi Əbilli çox savadlı müğənnidir. İndi də Bülbül adına müsiqi məktəbində oxuyur. Balabanda da gözəl ifa edir. Daha sonra, tələbələrimdən Elduzu misal gətirə bilərəm. Bir sözlə, tanınımış, xalq tərəfindən sevilən, istedadlı tələbələrim çoxdur. Çox sağ olsunlar, harda olsalar, adımı çəkirlər, deyirlər ki, Zaur müəllimin tələbəsi olmuşam, mənə də ləzzət edir.

zaur babayev
- ANS telekanalında keçirilən "Toylar kralı" musiqi yarışının yarımfinalçısı oldunuz. Bu yarışmanın yaradıcılığınızda, sənətinizdə müsbət təsiri oldumu? Bu müsiqi yarışması haqqında xatirələrinizi oxucularımızla bölüşməyinizi istərik.
- Bu yarışma məni çox tanıtdırdı. Dedilər ki, bəs ANS-də yarışma keçirilir, mən də gəldim ANS-ə, sənədlərimi verdim, oxudum. Sözün düzü, bir az inamsız idim. Özümə qarşı yox, sadəcə orada elə bir aura yaratmışdılar ki, guya ora pulla qəbul edirlər. Mənim də onlara qəti pul vermək fikrim yox idi. Sadəcə, özümə arxayın idim. Aparıcı Cingiz Əhmədov idi. Zəng etdilər ki, sizi 2-ci tura dəvət edirik. Gəldim, münsiflər heyəti Sabir Əliyev, Ceyran xanım, Əli Mirəliyev, Cingiz Əhmədov idi. Teymur Mustafayevin mahnısını, sonra da "Rəna" adlı bir mahnı oxudum. Gözəl də oxudum, bəyəndilər. Ordan çıxandan sonra fikirləşdim ki, onsuz da onlar seçdiklərini seçiblər, mənim nə işim var idi orda!? On gün sonra mənə yenidən zəng gəldi. Dedilər ki, bəs, səni növbəti tura dəvət edirik. Yenə gəldim, iki mahnı oxudum. Bəyəndilər, dedilər, get sənə xəbər verərik. Çıxdım, dedim, hə, mənimki elə bura qədərmiş. Getdim evə. Bilrdim ki, seçim turu efirdə göstəriləcək və həmin iyirmi müğənninin təqdimatı olacaq. Həmin gecə evdə Natiqlə oturmuşuq təqdimat verlişinə baxırdıq. Seçilən müğənnilər bir-bir təqdim olunduqca inamım azalırdı. Nəhayət, 19-cü ad mənim adım oldu. İnanmadım, zəng etdim Çingiz müəllimə ki, bu nə məsələdir? Dedi ki, qardaş, oxumağın münsiflərin xoşuna gəldi, gəl, iştirak elə. Getdim, iştirak etdim və 20 nəfər iştirakçının içində yarımfinala çıxan 4 iştirakçıdan biri oldum. Ondan sonra, orda müəyyən məsələlər var idi, indi onları açıqlamağa ehtiyac yoxdur. Yəni, tam şəffaflıq yox idi. Bu təkcə bizdə belə deyil. Bütün xarici ölkələrin televiziya kanallarında nümayiş olunan şou proqramların hamısının "pərdə arxası" hissəsi var. Heç kim deyə bilməz ki, hansısa xarici kanalda şou proqram keçirilir, orda tam şəffaflıq var. Əgər bu yarışma tam şəffaflıqla keçirilsəydi, heç kim mənə bata bilməzdi. Əli Mirəliyev orda kimləri tənqid etmədi?! Ancaq mənim ünvanıma tərifdən başqa söz demədi. Niyə? Çünki, özü də çöldə deiyrdi ki, qardaş sən oxuyursan, mən necə deyim sən pissən? Deyirdi ki, mənə bu lazımdı. Sən Huseynağa Hadiyevin "Sən olmuşam" mahnısını elə oxudun ki, hər müğənni onu oxuya bilmir. Sən onu elə oxudun ki, mən səni tərifləməyə bilmərəm. Əlbəttə, onlara sənət lazımdır. "Toylar kralı" həyatımda çox böyük rol oynadı.
- Zaur müəllim, bir neçə gün öncə facebook səhifənizdə qeyd etmişdiniz ki, bu yaxınlarda pərəstişkarlarınıza, heyranlarınıza azərbaycan və talış dillərində silsilə mahnılar təqdim edəcəksiz. Əgər sirr deyilsə, yeni mahnılarınız, qarşıdakı planlarınız, görəcəyiniz işlər barədə də bizə məlumat verərdiniz.
- Əgər tamaşaçılar, pərəstişkarlarım, fanatlarım üçün oxuyuramsa, bunun nəyini sirr saxlayım? Mən bunu millətim üçün, xalqım üçün, məni istəyənlər üçün edirəm. Əlbəttə, sevə-sevə deyərəm. Sən də bilirsən ki, mənim talış dilində mahnılarım azdır. Düzdür, toylarda müxtəlif talış müğənnilərinin talış dilində mahnılarını oxuyuram. Məsələn, "Tolışə kinə ğəşənqe" mahnısını "Toylar kralı" da oxudum. Hansı toyda oluramsa, həmin mahnını məndən istəyirdilər. Bu mahnını məndən öncə də oxuyanlar da olub, indi də oxuyanlar var. Ancaq, insanlar mənim ifamda həmin mahnını çox bəyəndilər.
İndi də, Rübail Əzimovla talış dilində yeni mahnılar hazırlayırıq. "Çaş kardəm tıni" mahnısı artıq hazırdır. Ondan sonra Baloğlan müəllimin repertuarından "Ay tolışə kinə" mahnısı, Səməd müəllimin "Vənəşə" mahnısını oxumalıyam. Daha sonra, səninlə bir-iki mahnı hazırlayaram. Hazırda, 10-15 seçilən talış mahnısı olmaq şərti ilə disk hazırlayıram. İnşallah, bu ilin axırı, gələn ilin əvvəlində tam hazır olacaq. Mənim üçün fəxrdir, mən şərəf duyuram ki, ana dilimdə mahnı oxuyuram.
- Zaur müəllim, işinizin qızğın vaxtında bizə vaxt ayırıb müsahibə verdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk və işlərinizdə, yaradıcılığınızda yeni-yeni uğurlar arzulayırıq.
- Yaradıcı insan üçün "vaxtım yoxdur" sözü olmamalıdır. Bu onun işidir. Bu işin içində o studiyaya da getməlidir, müsahibə də verməlidir, konsertlər də təşkil etməlidir, öz şəxsi işlərini də görməlidir. Mən, hətta, vaxt tapıb dostlarımla tez-tez kitabxanalara da gedirəm. Mənim üçün şərəfdir ki, belə bir jurnalın növbəti nömrəsində mənim də müsahibəm dərc olunacaq, tanımayanlar tanıyacaq, onlar üçün də maraqlı olacaq.

Müsahibəni hazırladı: Vüqar Həmati

"ALƏM" 4 (4) 2016

Əlaqəli xəbərlər