Dillər

Paşinyan “Azərbaycan qorxaq dövlətdir” deyibmi? – “Bizimkilərin işidir”

alqish.jpg

“Guya, Ermənistanın baş naziri Xankəndində olarkən jurnalistlərə deyib ki, Azərbaycan qorxaq dövlətdir, belə bir qorxaq dövlət və millətlə qonşu olmaq ermənilər üçün böyük xoşbəxtlikdir”. Bunu sabiq YAP-çı deputat Alqış Həsənoğlu “Facebook”da bir neçə gündür Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanı qorxaq adlandırdığı barədə gedən müzakirələrə münasibət bildirərkən deyib.

A.Həsənoğlu Paşinyanın belə bir açıqlama vermədiyini, kimlərinsə qəsdən belə şaiyələr yaydığını deyib: “Mən Nikol Paşinyanın belə fikirlər deməsinə inanmıram. Cünki bu, ən azından ümümi erməni siyasəti və mahiyyəti ilə daban-dabana ziddir. Ermənilər həmişə hər yerdə iddia edirlər ki, Azərbaycan türkləri onlar üçün təhlükədir. Azərbaycan dövləti onları sıxır, əzir, iqtisadi layihələrdən kənarda qoyur. Bu siyasi xətt onlara – bizim “əzabkeş” qonşularımıza sərf edir və hətta uğur da gətirir. Xeyir ola, Paşinyan birdən-birə bizimlə qonşuluqdan hədsiz dərəcədə məmnun və xoşbəxt olmağa başlasın? Heç cür inandırıcı deyil.

İkincisi, Paşinyanın adından səsləndirilən fikirlərin heç bir istinad mənbəyi yoxdur.

Ücüncüsü, əgər o belə bəyanat veribsə belə, onun fikirlərini tələm-tələsik və həm də sevinclə yaymağın və tirajlamağın anlamı nədir?

Mən hesab edirəm ki, bu dezinformasiyanın bir hədəfi var. Bir neçə gün əvvəl Ermənistanın yeni prezidenti Sarkisyan “Exo Moskva” radiosuna verdiyi müsahibədə deyirdi: “Mən İlham Əliyevi yaxşı tanıyıram. Qarabağda vəziyyət hər an gərginləşə bilər”. Açıq-şkar görünür ki, Sarkisyan həmin bəyanatı müharibə xofunun təsiri altında verib. O, bununla həm də Azərbaycan dövlətinin, ordusunun qüdrətini və ilham Əliyevin qətiyyətini etiraf edirdi. Eyni zamanda, Sarkisyanın etirafı Azərbaycanın daxili auditoriyasında Azərbaycan prezidentinin müsbət mənada reytinqinə işləmiş oldu. Mən hesab edirəm ki, məhz bu səbəbdən Sarkisyanın həmin bəyanatını “zərərsizləşdirmək” məqsədi ilə sosial şəbəkədə Paşinyanın adından belə cəfəngiyyatlar uydurulur. Mənim heç şübhəm yoxdur ki, cəfəngiyyatın müəllifi “bizimkilər”dəndir”.(Azpolitika)