Dillər

"PAŞİNYAN YALAN VƏDLƏRLƏ HAKİMİYYƏTƏ GƏLMİŞ ŞƏXSDİR" - DEPUTAT

Elman-M.jpg

"Çox güman ki, Ermənistan və Azərbaycan rəhbərlərinin görüşündə vasitəçi ölkə Rusiya olacaq”.

Bunu "Sherg.az”a tərəflər arasında keçiriləcək görüşdən gözləntilərini açıqlayarkən millət vəkili Elman Məmmədov deyib.

Onun fikrincə, Nikol Paşinyan danışıqları daxili və xarici qüvvələr tərəfindən veriləcək təlimatlar üzərində quracaq:

"N.Paşinyan siyasətçi kimi deyil, meydan dalğasındakı yalan vədləri, populizmi ilə hakimiyyətə gəlmiş şəxsdir. Ondan ağıllı, konstruktiv təklif gözləmirəm. Ümumiyyətlə, erməni rəhbərlərə kənardakı havadarları hansı tapşırıqları verirsə, o istiqamətdə danışıq aparırlar.

Danışıqlar aparılsın, amma nəzərə almaq lazımdır ki, bu uzun illərdir davam edir. Heç bir nəticəsi yoxdur. Ona görə, heç bir nəticə gözləmirəm. Ermənistan baş naziri onu hakimiyyətə gətirən qüvvələr, dəstək olan kütlə qarşısında etimadını itirməkdə davam edir. Çünki Ermənistanda həlli mümkün olmayan vədləri verdiyinə görə, indi kütlə ondan tələb edir. Ermənistan regionda sülhün təmin olunmasında maraqlı olmasa, işğal etdiyi torpaqları qaytarmasa, Türkiyə münasibətləri qaydasına salmasa, bu dövlətin vəziyyəti daha da pis olacaq.

Bütün bunları nəzərə alaraq, danışıqların müsbət nəticəsi olacağına inanmıram”.

Qeyd edək ki, Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin Zoqrab Mnatsakanyanın açıqlamasına münasibət bildirib. Qurum sözçüsü söyləyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır.

Aysel Aslan