Dillər

”Azərbaycan ordusunun formalaşmasında, az da olsa, əməyim olduğu üçün qürur duyuram...”

 Ayaz-Mutallib.jpg

“Maneələrə baxmayaraq Müdafiə Nazirliyinin yaradılması və ordunun təşkili üçün qərarlar verə bildik...”

Azərbaycanın ilk prezidenti olmuş Ayaz Mütəllibov Moderator.az-a açıqlamasında iyunun 26-da Silahlı Qüvvələrimizin yaradılmasının 100 illiyi ilə bağlı keçirilmiş möhtəşəm hərbi paradın onda yaratdığı təəssüratları bölüşüb.

“Şübhəsiz ki, mən Azərbaycanın Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilmiş tədbirləri, o cümlədən uyunun 26-da Ali Baş Komandanın rəhbərliyi ilə nümayiş etdirilmiş möhtəşəm hərbi paradı alqışlayıram. İnşallah, gün o gün olsun, belə bir parad işğaldan azad ediləcək Şuşada, Xankəndidə keçirilsin”.

Eks-prezident ordumuzun bu günkü səviyyəyə çatmasında özünün də müstəqil Azərbaycanın ilk dövlət başçısı kimi, az da olsa, əməyinin olması ilə qürur duyduğunu ifadə etdi:

“Bu gün onunla da qürur duyuram ki, ölkə başçısı olduğum, suverenliyə, müstəqilliyə doğru ilk addımlar atdığımız mürəkkəb bir dövrdə mənim də Azərbaycan Milli Ordusunun əsasının qoyulmasında müəyyən xidmətlərim olub. Xaricdən olan maneələrə baxmayaraq 1991-ci ilin sentyabrında suveren Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaradılması və həmin ilin oktyabrın 9-da Silahlı Qüvvələrin formalaşdırılması haqda parlamentin qərarı da mənim dövrümdə verilib. Yenicə formalaşan ordu hissələrinin silah-sursatla təmin olunması məsələləri ilə bilavasitə özüm məşğul olmuşam.

Müstəqilliyimizi elan etsək də, o zaman SSRİ hələ mövcud idi və təbii ki, Moskva Azərbaycanın ayrıca orduya malik olmasını istəməzdi. Buna rəğmən biz əlimizdən gələni etməyə çalışırdıq. Bəziləri bunu qəbul etməsə də, 1991-ci ilin martında əksəriyyətin SSRİ-nin saxlanmasına səs verdiyi referendumu keçirməklə biz o dövlətin sonuncu lideri Mixail Qorbaçovu Azərbaycana qarşı artıq başlanmış erməni təcavüzü ilə bağlı doğru mövqe tutmağa vadar etdik və keçmiş sovet ordu hissələrinin də dəstəyi ilə məşhur “Üzük” əməliyyatını keçirməklə onlarla yaşayış məntəqəmizi erməni terrorçularından azad etdik. Biz bilirdik ki, onsuz da SSRİ dağılacaq. Amma bu referendum ermənilərə və Qorbaçova qarşı böyük bir gediş oldu. Həmin əməliyyatı bəhanə edərək biz tədricən özümüzün polis, keçmiş DTK və könüllü dəstələrdən ibarət müdafiə hissələrimizin rəsmi şəkildə formalaşmasına, silah-sursat və texnika ilə təmin edilməsinə nail olduq. Artıq 1991-ci ilin avqustunda suverenlik haqda bəyanat verdikdən sonra biz Qorbaçova anlatdıq ki, İttifaq tərkibində olsaq da, siz bizim yaşayış məntəqələrimizin, dinc sakinlərimizin erməni terrorçu dəstələrinin hücumundan qorunmasını təmin etmədiyiniz üçün biz özümüzün hərbi hissələrimizi yaratmağa məcburuq. Hələ SSRİ dağılmamış biz keçmiş 4-cü ordunun Azərbaycan ərazisindən çıxarılmasına və həmin ordunun əmlakı hesabına ilk nizami hərbi hissələrimizi yaratmağa başladıq. Bu minvalla böyük çətinliklə də olsa ordumuzun təşkili istiqamətində ilk addımları ata bildik...”.

Azərbaycanın ilk prezidenti silahlı qüvvələrimizin bugünkü səviyyəyə çatmasında 1994-cü ildə imzalanmış neft kontraktlarının rolunu xüsusi vurğuladı.

“Nəhayət, 1994-cü ilin sentyabrında mərhum Heydər Əliyevin rəhbərliyi ilə neft konktraktlarının imzalanması Azərbaycana gələn gəlirlər hesabına iqtisadiyyatımızla yanaşı, silahlı qüvvələrimizin də inkişafına təkan verdi. Və bu gün biz qürurla deyə bilərik ki, Azərbaycan ordusu nəinki cənubi Qafqazda, MDB ölkələrinin orduları sırasında da önəmli yerlərdən birini tutur. Bu gün ordumuz xalqımızı və dövlətimizi qoruyur. İnşallah, silahlı qüvvələrimizin qüdrəti hesabına işğal altındakı torpaqlarımızı da azad edəcəyik...”- deyə eks-prezident bildirdi.

Sultan Laçın