Dillər

Üzeyir bəy və Soltan Məcidə edilən xəyanətlər - Qoridə azərbaycanlılar niyə sıxışdırılırdı?

1532809399_189688.jpg

Rəsmi adı Zaqafqaziya Müəllimlər Seminariyası olan, el içində isə Qori Müəllimlər Seminariyas adlandırılan “böyük universitet” xalqımıza bir sıra görkəmli simalar bəxş edib. Onların arasında "Azərbaycan" qəzetinin əməkdaşları da olub.

İlk mətbuu orqanımız "Əkinçi" qəzeti yazırdı: “...Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri müəllim eləsinlər. O məktəbxanada 20 nəfər erməni və gürcü padşahlıq xərcinə oxuyacaq. İndi "Kafkaz" adlı qəzet yazır ki, doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqlarını öz xərcinə qoya bilər. Oraya oxumağa girən hər kəs gərək uyezdni şkolada oxumuş ola və özü 16–19 yaşında ola. Orada 3 il dərs deyiləcək". Hələ 1875-ci il aprelin 8-də Zaqafqaziya Müəllimlər Seminariyasının "Əsasnamə"sindəki bir qeyddə deyilirdi ki, müsəlmanlar xüsusi müsəlman müəllim məktəbi açılana kimi bu seminariyaya və onun nəzdindəki məktəbə daxil ola bilərlər.

1876-cı ildə ibtidai məktəblər üçün müəllim kadrları hazırlamaq məqsədilə Qoridə Müəllimlər Seminariyası açıldı. Bu məktəbin ibtidai siniflər üçün kadrlar hazırlamaq məqsədi daşımasına baxmayaraq, Qori Seminariyasının çar Rusiyası dövründə Azərbaycana verdiyi kadrları Rusiya imperiyası dövründə heç bir ali təhsil ocağı verməyib. Sonralar bu fikri professor Əziz Şərif də söyləyib. Çünki Qori Seminariyasını bitirən nəsil Azərbaycan mədəniyyətinin, maarifinin, təhsilinin və tərəqqisinin inkişafında müstəsna rol oynadılar, millətimizin azadlıq və istiqlaliyyət uğrunda apardığı mübarizəsinin önündə getdilər. Ümumi təhsil rus dilində olsa da, hər millətin öz ana dilini və şəriət dərsini ayrıca keçirdilər, eyni zamanda hər bir fənn tədris edilirdi.

Lakin Qori Müəllimlər Seminariyasının Azərbaycana çox fayda verməsinə açıq-aşkar imkan vermədilər. Digər millətlərin nümayəndələri orada oxuyan soydaşlarmızı gözüm-çıxdıya salmaqla bərabər, təhsil almamaları üçün “əllərindən gələni edirdilər”.

Vəziyyət getdikcə dözülməz hal alırdı.

Moderator.az xəbər verir ki, 1894-cü ildə A.O.Çernyayevskinin ölümündən bir neçə il sonra Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinə görkəmli maarif xadimi Soltanməcid Qənizadə (1905- 1908-ci illər) inspektor təyin edilir.

Sultanməcid Qənizadə XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan xalqının yetirdiyi böyük maarifçi, söz, fikir və əməl adamı, dilçi, metodist alim, tanınmış ədib və ictimai-siyasi xadim idi.Onun inspektor təyinatı İrəvan filialında çalışan Miropyevin 1902-ci ildə Qori Seminariyasına direktor təyin olunması ilə eyni vaxta düşür.Mütləqiyyət tərəfdarı Miropyevin gəlişiylə seminariyada vəziyyət dəyişir, azərbaycanlılara qarşı açıq mübarizə başlayır.Baş verən gərginliklər nəticəsində bir neçə azərbaycanlı tələbə seminariyadan azad edilir.Soltanməcid Qənizadənin millətsevərliyi, xalqının maarif və mədəniyyətinin inkişafı üçün çalışması və azərbaycanlı seminaristərin başarıqlı olmaları Miropyevi özündən çıxarır.Və iş o yerə gəlir ki, Soltanməcid Qənizadə inspektor vəzifəsindən azad edilir. Tənəffüsdə ana dilində danışmaq azərbaycanlı tələbələrə qadağan olunur. 1900-cü il dekabrın 3-də hazırlıq sinfinin şagirdi Üzeyir bəy Hacıbəyliyə ana dilində danışdığına görə töhmət verilir. Seminariyada mürtəce fəaliyyət getdikcə daha da genişlənir, ana dilində dərslər qadağan olunmuş, Azərbaycanlılar addım-addım güdülürdü.Bu vaxtlar İrəvan gimnaziyasından Qori seminariyasına müəllim göndərilən Firisun bəy Köçərli olanlara dözmür və qarşısına bir məqsəd qoyur.Necə olursa olsun seminariyanı Azərbaycana köçürmək. Çünki bu şəraitdə Qoridə nə yaşamaq, nə də oxumaq mümkün deyildi...

Qeyd: Məqalədə tarixçi Elmar Həsənlinin təqdim etdiyi faktlardan istifadə olunub.
Moderator.az

Əlaqəli xəbərlər