Dillər

Məşhur iş adamı ABŞ prezidentini necə aldatdı? - PAYTAXTLARIN TARİXİ

Pay-1.jpg

Ölkənin ən böyük və ən məşhur şəhəri hələ paytaxt demək deyil. Bir sıra ölkələrin paytaxtı iri şəhərlərin kölgəsində qalır. Amma bu onların əhəmiyyətini azaltmır - əksinə son illər iri şəhərlərin yükünü yüngülləşdirmək üçün paytaxtların kiçik şəhərlərə köçürülməsi dəbə çevrilib. Tarixdə isə ölkənin ən mühüm şəhərləri bəzən zərurətdən, bəzən isə sadəcə şıltaqlıq nəticəsində yerini dəyişməli olub. FED.az tarixdə məşhur paytaxt dəyişmə əhvalatlarını təqdim edir.

Daşınmaz əmlakın daşınması
Paytaxtların köçürülməsi mürəkkəb və bahalı iş olsa da, tarix boyu paytaxtlar dəfələrlə köçürülüb və bu proses indi də davam edir.
Qədim hökmdarlar adətən öz iqamətgahlarını yenicə tutulmuş torpaqlara köçürürdülər ki, yeni vilayətlərdə hakimiyyəti möhkəmlətsinlər. Ya da əksinə, paytaxtı təhlükəli sərhədlərdən uzaqlaşdırırdılar ki, güclü düşmən onu işğal edə bilməsin.
Bəzən isə köhnə paytaxt o qədər böyüyürdü ki, öz hay-küyü, zibilliyi və qiyam təhlükəsi saray həyatı üçün yaramırdı. Bir lətifəyə görə isə paytaxtı şəhərdəki şərab anbarları boşalanda köçürürdülər. Məsələn, XIV Lüdovik paytaxtı Parisdən Versala köçürəndə burada nə natəmizlik, nə də küçə müxalifəti vardı.
Ümumiyyətlə, ali hakimiyyətin harada yerləşməsi həmişə mühüm siyasi məsələlərdən biri hesab olunub. Çünki hökumətə təsir etmək üçün ona mümkün qədər yaxın olmalısan. Hökmdarların bəziləri köhnə elitanın təsirindən o qədər sıxılırdılar ki, bundan azad olmaq üçün istəniən xərclərə hazır idilər. Hakimiyyətin pul səpələdiyi yerlərdə isə onu qazananlar da tapılır.

Vaşinqton əhvalatı
Nə qədər qəribə olsa da, ABŞ-ın paytaxtının böyük xərclər hesabına Vaşinqtona köçürülməsinin əsas səbəbi qənaət idi. Bəli, hökumət bu yolla əsgərlərin maaşına qənaət etmək istəyirdi. Məsələ bundadır ki, yenicə yaranmış respublikanın (ABŞ-ın) konqresi ilk vaxtlar Pensilvaniyanın paytaxtı Filadelfiyada toplaşırdı. 1781-ci il iyunun 20-də şəhərdə qulluq keçən əsgərlər müstəqillik müharibəsinin bütün illəri üçün maaşlarını tələb edəək Konqress binasını zəbt edirlər. Konqressmenlər Pensilvaniya hökumətinin başçısı - qubernator Con Diksondan qiyamı yatırmağı tələb etsələr də, o konqresmenlərə kömək etmək fikrində deyildi. Bəlkə də, o sadəcə əsgərlərdən çəkinirdi. İstənilən halda bu qarşıdurmadan sonra amerikalı konqresmenlər qərara aldılar ki, Filadelfiya ABŞ-ın paytaxtı ola bilməz.

Bununla da yeni paytaxtın tikintisi üçün əlverişli yerin axtarılmasına başlandı.
Həmin vaxt ölkənin sənayecə inkişaf etmiş Şimalı ilə quldarlıq dövrünü yaşayan Cənubu arasında rəqabət davam edirdi, ona görə də, paytaxtın gələcək yerinin üstündə də mübahisə yarandı. Nəhayət Vaşinqton adlanacaq şəhərin quldarlığın hökm sürdüyü Virciniya və Merilend ştatlarının sərhədində tikilməsi qərara alındı. Siyasətçilər öz işlərində olduqları bir vaxtda işbazlar yeni paytaxtdan maksimum faydalanmaq üçün planlar cızmağa başlamışdılar.

1793-cü il sentyabrın 18-də Vaşinton şəhərinin təməlqoyma mərasimi keçirildi. Bu mərasimdə varlı Boston ailəsindən çıxmış 28 yaşlı Ceyms Qrinlif də vardı. Həmin vaxt Qrinlif diplomat kimi çalışdığı Hollandiyadan yenicə gəlmişdi. Keçmiş diplomat yeni paytaxtın tikintisindən faydalanmağı qərara alır. O yeni paytaxt ərazisindəki torpaqları ucuz qiymətə alıb, onları holland bankirlərinə satmaq niyyətində idi. Bunun üçün Qrinlif şəhər ərazilərinin inkişafı ilə məşğul olan adamlarla dostlaşmalı idi. Gələcək Kolumbiya Federal dairəsindəki torpaqları həmin vaxt 3 torpaq müvəkkili paylayırdı. Bu müvəkkilləri prezident Corc Vaşinqtonun özü təyin edirdi, ona görə də, Qrinlif birbaşa prezidentin özü ilə münasibət qurmağa başlayır.

Artıq qocalmaqda olan prezident özünün ölkənin müxtəlif yerlərindəki əmlakını satmağa adam axtarırdı və Qrinlif onları alacağını vəd etdi. Bununla bağlı danışıqlar gedən müddətdə Qrinlifin üzünə bütün qapılar açıq idi - ətrafdakılar onu prezidentin yaxın adamı sayırdılar. Qrinlif prezidentin katibi Tobias Lir və paytaxt ərazisindəki torpaqların satışına nəzarət edən müvəkkil Tomas Consonla da dostlaşdı. Keçmiş diplomat əlbəttə ki, prezidenti aldatdı və onun torpaqlarını almadı. Əvəzində, Vaşinqtonun adını daşıyan şəhərdə torpaqları böyük endirimlə aldı. Başqalarının 200-300 dollara aldığı sahələr Qrinlifə 66-67 dollardan çatırdı. Tezliklə onun şəhərdə 15 min akr və ya 61 kvadrat kilometr torpağı vardı - bu əraziyə Qrinlif cəmi 14 min dollar vermişdi.

Ağ Evi kim tikib?
Bu dövrdə Qrinlif ölkənin ən böyük iki maliyyəçisi - Robert Morris və Con Nikolsonla tərəfdaşlıq qurmuşdu. Maliyyəçilər keçmiş diplomata torpaq almaq üçün vəsait ayırırdılar və Qrinlif tələm-tələsik yeni-yeni torpaqlar alırdı. Amma tezliklə torpaqlar elə bahalaşdı ki, onları satmaq mümkün olmadı. Gənc sahibkarın böyük ümid bəslədiyi holland bankirləri Amerikanın daşınmaz əmlak bazarına pul qoymağa tələsmirdilər, ona görə də Qrinlifə pul ayırmadılar, onun borc aldığı adamlar isə getdikcə daha çox narahat olurdu. Əvvəlcə Qrinlif kreditorlara borclarını öz şirkətinin səhmləri ilə ödəyirdi, amma sonradan kreditorlar aldadıldıqlarını başa düşdülər. 1797-ci ildə Qrinlif müflis oldu və borca görə bir illiyə həbsxanaya düşdü.
Ümumilikdə, ABŞ paytaxtının ilk illəri çoxsaylı maliyyə qalmaqalları ilə yadda qaldı. Bununla yanaşı, Vaşinqtonun ilk ictimai binaları, o cümlədən Ağ Ev də Qrinlif və onun tərəfdaşlarının pulu ilə tikilmişdi. Deməli, fırıldaqların faydası da olmuşdu.

Böyük Afina kəndi
XIX əsrdə paytaxtlar bir qayda olaraq qədim şəhərlərə köçürülürdü ki, onların şanlı tarixi millətin birliyini möhkəmlətsin. Amma bu zaman şəhər ərazisində torpaqları olan feodallar daha çox faydalanırdılar. 1833-cü ildə yenicə müstəqillik qazanmış Yunanıstan öz paytaxtını Afinaya köçürdü. Həmin vaxt Afina qədim Akropolun yaxınlığında yerləşən kasıb və baxımsız kənd idi. Paytaxtın qaydaya salınması üçün şəhərin yenidən qurulması planı hazırlanır. Amma tezliklə bu plan yerli torpaq sahiblərinin təzyiqi altında dəyişikliklərə məruz qalır. Onların tələbi ilə hətta kral sarayının yeri və küçələrin istiqaməti dəyişdirilir, küçələr və meydanlar darlaşdırılır.

"Əbədi şəhər"in bahalı torpaqları
İtaliyanın paytaxtını iki dəfə köçürüblər. 1865-ci ildə hökumət Turindən Florensiyaya, 1871-ci ildə isə Romaya köçdü. Həmin vaxt "Əbədi şəhər"in ciddi yenidənqurmaya ehtiyacı vardı. Bunun üçün isə zadəganlara və din xadimlərinə məxsus çoxsaylı villaları almaq lazım idi. Qiymətlər dərhal yuxarı uçdu, amma hökumət tələb olunan pulu ödəməli oldu. Bu prosesdən ən çox fayda götürənlər yenidənqurmadan əvvəlcədən xəbər tutanlar oldu. Belə ki, hələ 1867-ci ildə belçikalı kardinal de Merode Romanın şəhər mərkəzi ilə Termini vağzalı arasındakı ərazini satın aldı. Kardinal başa düşürdü ki, əvvəl-axır burada evlər və yollar tikiləcək. Elə də oldu - 1871-ci ildə o öz torpaq sahələrini çox sərfəli qiymətə şəhər rəhbərliyinə satdı. Həmin ərazilərdə dərhal tikinti başladı. Vaxtilə diribaş kardinala məxsus olan torpaqlarda indi Romanın ən vacib küçələrindən biri - via Nasionale yerləşir.

Sadəcə biznesə yaxınlıq
Bəzən isə paytaxtların köçürülməsinin arxasında dövlət başçılarının kommersiya maraqları dayanırdı. Məsələn, XIX əsrdə Hondurasın paytaxtı dəfələrlə ya Komayaquaya, ya da Tequsiqalpaya köçürülürdü. Nəhayət, 1880-ci ildə prezident Marko Aurelio Soto sonuncu şəhəri seçdi. Bəziləri prezidentin bu qərarını Komayaqua sakinlərinin onu sevməməsi ilə əlaqələndrsə də, əslində səbəb daha sadə idi. Sadəcə, prezident Soto Tequsiqalp şəhəri yaxınlığında gümüş hasil edən "Rosario Mining" şirkətində paya malik idi. Ona görə də öz biznesinə daha yaxın olmaq üçün həmin şəhəri paytaxt seçdi.

Müstəmləkə paytaxtları
Müstəmləkəçilik dövründə işğal altında olan ölkələrin paytaxtları adətən liman şəhərlərində yerləşirdi. Bu şəhərlər onları işğalçı ölkələrlə birləşdirirdi. XX əsrin əvvəlində yeni tendensiya yarandı: asılı ölkələrin paytaxtları dənizdən kənara - ölkənin içərilərinə köçürülməyə başlandı. Məsələn 1911-ci ildə Britaniya Hindistanının paytaxtı dəniz kənarındakı Kəlküttədən Dehliyə köçürüldü. Britaniyalılar hesab edirdi ki, qədim Moğol İmperiyasının paytaxtından Hindistanın bütün ərazisini idarə etmək daha asan olacaq. Elə bu məqsədlə Nyu-Deli adlanan müasir şəhər mərkəzinin tikintisinə iri vəsaitlər ayrıldı. Elə həmin il - 1911-də Avstraliyanın hökuməti federal paytaxtın tikintisi üçün yeni ərazi seçdi. Bu - Kanberra idi. Kanberra Avstraliyanın coğrafi mərkəzində olmasa da, ölkənin iki ən böyük şəhərinin Sidney və Melbrunun arasında yerləşirdi. Maraqlıdır ki, həmin vaxt bu iki şəhər Avstraliyanın paytaxtı olmağa qat-qat artıq layiq idilər.

Özü də əgər Nyu-Delidə britaniyalı müstəmləkəçilər saray, park və prospektlərin tikintisinə pul ayırmağa xəsislik etməmişdisə, demokratik Avstraliyada hər funtu sayırdılar və buna görə də, tikinti zəif gedirdi. Nəticədə Avstraliya paytaxtı hələ uzun müddət böyük kəndə bənzəyirdi. 1940-cı ildə amerikalı general Makartur parlament binasının qarşısındakı çəmənlikdə mal-qaranın otladığını görəndə dəhşətə gəlmişdi.

İmperiya paytaxtlarının sonu
Birinci Dünya Müharibəsi köhnə siyasi sistemin məhvi ilə nəticələndi ki, bu da özünü dərhal paytaxtların dəyişməsində göstərdi. Dəniz kənarında yerləşən Peterburq və İstanbul kimi şəhərlər paytaxt statuslarını itirdilər. Rusiya və Türkiyənin inqilabçı hökumətləri paytaxtları ölkənin dərinliklərinə - Moskva və Ankaraya köçürdülər. İkinci Dünya Müharibəsindən sonra isə müstəmləkə sistemi dağıldı və müstəmləkə ölkələrinin çoxu paytaxtlarını arixi ərazilərə köçürdülər ki, yeni həyata təmiz vərəqdən başlasınlar. Məsələnin iqtisadi tərəfi də vardı. Hesab edilirdi ki, zəif inkişaf etmiş vilayətdə tikilən yeni şəhər inkişaf nöqtəsinə çevriləcək və bütün regionun inkişafına kömək edəcək. Bu məntiqdən çıxış edənlər paytaxtı mümkün qədər ölkənin mərkəzinə köçürməyə çalışırdılar ki, iqtisadi effekt bütün dövlət ərazisində eyni dərəcədə hiss olunsun.

Braziliya, yoxsa Brazilia
Dünyada paytaxtların köçürülməsi ilə bağlı ən cəsarətli eksperiment Braziliyada baş tutub. 1955-ci ildə Braziliyadakı prezident seçkilərində Juselinu Kubiçek qalib gəldi. O 5 il ərzində ölkəni 50 il irəliyə aparacığını vəd etmişdi və vədini yerinə yetirmək üçün dərhal işə başladı. Kubiçek sənayenin inkişafını stimullaşdırır, yollar tikir, xarici investisiyalar cəlb edir, amma bu zaman korrupsiyaya uğramamağa və diktatora çevrilməməyə çalışırdı. Yeni paytaxtın tikintisi iqtisadiyyatın stimullaşdırılması üçün təkan oldu və cəmiyyətdə optimizdi yüksəltdi.

Ümumiyyətlə Braziliyanın paytaxtının köçürülməsi məsələsi hələ bir əsr əvvəldən müzakirə edilirdi və bu məsələdə mistikanın da rolu oldu. 1827-ci ildə ölkənin içərilərində paytaxt şəhərinin tikintisi ilə bağlı plan hazırlanmışdı, amma həmin vaxt hökumətin başı başqa problemlərə qarışmışdı.
1883-cü ildə isə italiyalı katolik rahib Bosko ata yuxuda mələk gördü. Mələk rahibə bildirir ki, 15 və 20-ci cənub enlilikləri arasında yeni şəhər yaranacaq və Braziliyanın inkişafı buradan başlanacaq. Coğrafi elementlərin də yer aldığı yuxu düz çıxdı. Belə ki, 1891-ci ildə paytaxtın mələyin yuxuda göstərdiyi yerə köçürülməsi məsələsi Braziliya Konstitusiyasına daxil edilir. Amma ölkə hökuməti əvvəlki kimi Rio-de-Janeyroda qalmışdı. Yalnız 1956-cı ildə yeni prezident bu prosesi ölü nöqtədən tərpətdi və əsrin tikintisinə start verildi.

(Ardı var)

Əlaqəli xəbərlər