Dillər

Azərbaycanda işsizlərin sayı: niyə rəqəmlər bir-birindən fərqlidir?

_99840634_whatsappimage2018-01-22at11.45.21.jpg

Statistika Azərbaycanda 33 minə yaxın rəsmi işsiz statusu alanların olduğunu göstərir, eyni zamanda ölkədə 252 mindən çox işsiz adamın olduğunu vurğulayır. Hər ikisi rəsmi dövlət qurumlarının açıqladığı rəqəmlərdir.

Bəs bu uyğunsuzluğun səbəbi nədir?

Uyğunsuzluğun səbəbi hesablamadadır.

Dövlət Statistika Komitəsinin şöbə müdiri Nemət Xuduzadə deyir ki, ölkədə işsizlik iki cür hesablanır: Biri Əmək və Sosial Müdafiə Nazirliyində işsiz kimi qeydiyyata düşən adamların sayıdır. Digərini isə Statistika Komitəsi Beynəlxalq Əmək Təşkilatının (BƏT) kriteriyaları əsasında sorğu yolu ilə hazırlayır.

Nemət Xuduzadə BƏT-in kriteriyalarını belə izah edir:

Dövlət Statistika Komitəsi ölkədəki ev təsərrüfatlarının 1 faizini bu sorğuya cəlb edir, hər bir bölgə üzrə də bu 1 faiz qorunur. Yəni, hər rayon və şəhərdəki ev təsərrüfatlarının 1 faizində sorğu aparılır. Bu zaman ailədə 15 yaşdan yuxarı şəxslərin hər biri (pensiya yaşına qədər yaş həddi gözlənməklə) təxminən 60 sualdan ibarət anketə cavab verir.

Əvvəlcə respondentin işləyib-işləməməsi soruşulur, "yox" cavabı verildiyi təqdirdə işsizliyi müəyyən etmək üçün ən vacib suallar verilir: "Son 4 həftədə iş axtarmısınızmı?"

Bu sualın cavabı "hə"dirsə, növbəti sual gəlir: "Əgər bu gün və növbəti iki həftə ərzində təklif olunan işə gedərsinizmi?" Əgər respondent müsbət cavab verirsə, o, "işsizlər siyahısına" düşür.

Ancaq bu sorğu zamanı incə bir məqam dünya təcrübəsində istifadə edilən bu indikator-sualı kölgə altına alır.

Əgər respondentin adına torpaq sahəsi varsa, o, işsiz sayılmır.

Mülkiyyətində torpaq payı varsa, demək, məşğulluğun var
Azərbaycanın "Məşğulluq haqqında" qanununda "məşğul əhali" anlayışına "mülkiyyətində torpaq payı olanlar" da aid edilir. Düzdür, bu cümlə qanunda "İşsiz statusu verilməsi qaydaları" paraqrafında göstərilmir, amma Dövlət Statistika Komitəsi işsizliyin ölçülməsi metodoloğiyasına bunu daxil edib. Yəni, Komitə öz ölçmə meyarlarında bu suala müsbət cavab verən, amma beynəlxalq kriteriya olan "son 4 həftədə iş axtaran və novbəti iki həftə ərzində iş təklif olunarsa, işləyə bilən şəxsi" işsiz saymır.

Azərbaycanda statistikaya görə, iqtisadi fəal əhali 5 milyondur. Onların 4 milyon 700 mindən çoxu məşğul əhali sayılır. İqtisadi fəal əhalinin 252 mini isə DSK-nın sorğusu əsasında işsiz kimi qeydə alınıb.

Müstəqil ekspertlər hesab edirlər ki, DSK işsiz əhalinin ölçmə metodologiyasına "mülkiyyətində torpaq payı" kriteriyasını salmaqla, əslində ölkədə işsiz əhalinin real sayını azaldıb.

Azərbaycanda Bakını çıxmaqla məşğul əhalinin 3 milyondan çoxu məhz bölgələrdə yaşayır.

Əgər işsizlik ölçməsində "mülkiyyətində topraq payı" kriteriyası qalxarsa, məşğul sayılan 4 milyon 700 minin nə qədəri işsiz sayılar?

DSK rəsmisi hesab edir ki, bu kriteriya nəticəyə o qədər də təsir eləməz.

Nemət Xuduzadə deyir ki, əgər kiminsə mülkiyyətində topraq payı varsa, demək ki, o, bu torpaqdan "öz istehlakı üçün istifadə edir".

"Beynəlxalq Əmək Təşkilatının kriteriyası da odur ki, əgər adam həftədə 1 saat işləyib pul qazanırsa, bu lap 1 dollar olsun, o, artıq işsiz sayılmır".

"Əkib-becərmək daimi iş yeri deyil"
İqtisadçı Rövşən Ağayev "işsizlər" statistikasının bir neçə dəfə qalxa biləcəyini düşünür. O hesab edir ki, əslində, aqrar sahə ilə məşğul olanlar arasında sorğu başqa kriteriyalar əsasında aparılmalıdır, çünki kənd təsərrüfatı sahəsi (heyvandarlığı çıxmaqla) ilin 12 ayı daimi məşğulluq tələb etmir.

"Üstəlik, nəzərə alsaq ki, heç də hamı torpaq payını əkib-becərmir, hətta əkib-becərsə də, bu cüzi torpaq payı, adambaşına təxminən 4 sot torpaq onun və ailəsinin dolanışığını təmin etmək gücündə deyil, onda işsizlərin sayı elə aqrar sektorda yaşayanların da hesabına arta bilər".

Rəsmi statistikaya görə, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərənlərin sayı 1 milyon 700 min nəfərdir.