Dillər

Azadlığa gedən uzun yol...

Ilham Ismayil 

Yüz il bundan əvvəl bu gün - 18 iyul 1918 ci ildə bir insan dünyaya gəldi. Atası ona “Rolihlahla” adını qoydu. Yerli dildən bu adın tərcüməsi “baş ağrıdan”, “qışqırtıcı” mənasını verirdi. Atası bu adı ona verəndə yəqin heç ağlına da gəlməzdi ki, oğlu bu adın mənasını artıqlaması ilə həyatda qazanacaq. Həm də dar bir dairə üçün yox. o, ömür boyu fəaliyyəti ilə çox rejimlərin, diktatorların baş ağrısına çevrildi.

Dərsə gedəndə ingilis dili müəllimi çətin tələffüz olunan yerli adları ingilis adları ilə əvəz edirdi. Ona da ad verildi- Nelson.

 

Söhbət azadlıq uğrunda, qorxu və basqılar altında əyilməyən planet miqyaslı bir savaşçıdan - Nelson Mandeladan gedir. “Planetar miqyaslı” adını ona Birləşmiş Millətlər Təşkilatı verib.

Bu gün onun doğum günü, həm də anım günüdür.

Cənubi Afrika Respublikasında aparteid rejiminə qarşı ömür boyu mübarizə apardı, 27 il həbsdə yatdı.

Prokuror ona edam istəmişdi. Onunsa məhkəmədəki son sözü bir əfsanə oldu: “Həm ağların, həm qaraların üstünlüyünə qarşı mübarizə etdim. Bütün insanların rahat və bərabər hüquqa sahib olduğu demokratik və azad bir cəmiyyət idealını gerçəkləşdirməyə çalışdım. Bu ideal üçün yaşamaq istəyirəm. Ancaq lazım olanda bu yolda ölməyə də hazıram”.

Ona ömürlük həbs verdilər. Onun 17 ilini Robinn adasında çəkdi. Bu gün onun qaldığı 5 nömrəli cəza otağı turistlərin ziyarət məkanı olub. Qəribədir, bu həbsxananın yanındakı başqa bir coğrafi yerin adı isə Xeyirxah ümid burnu adlanır, 27 illik həbsxana pəncərəsindən görünən Xeyirxah ümid...

27 il həbs həyatında dəfələrlə ona müraciət olundu ki, əfv ərizəsi yaz, söz ver ki, rejimə qarşı çıxmayacaqsan. O, bundan imtina etdi. Böyük təzyiqlərin nəticəsində məcbur olub onu azad etdilər.

Azadlığa çıxanda mübarizəsini davam etdirdi. 1993-də Nobel sülh mükafatını aldı. O azadlığa çıxanda onu qarşılayan kütlə qarşısında bu sözləri dedi: “Qarşınızda xilaskar bir peyğəmbər kimi deyil, Afrika xalqına xidmət edən biri kimi dayanmışam”.

1994-cü ildə ilk demokratik seçkilərdə 62% səslə Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti seçildi. Onun gözü hakimiyyət kreslosunda deyildi. 1999-da aktiv siyasi fəaliyətinə son verdi.

Nelson Mandela, həyatının son dövrünü doğulduğu Qunuda sakit bir həyat sürdü. 5 dekabr 2013 –cü ildə, 95 yaşında həyata gözlərini əbədi yumanda dünya liderləri başsağlığı göndərdi.

Nelson Mandelanın “Azadlığa gedən uzun yol” avtobioqrafik kitabı, “Mən ölümə hazıram” adlı çıxışı, “Özümlə söhbət” məktublar toplusu və “Mübarizə - bu mənim həyatımdır” kitabı gənclər arasında çox populyardır.

Mandela kimi azadlıq və demokratiya uğrunda mübarizə aparanlar, üstündə və içində ağ bayraq gəzdirməyənlər, bu yolda əfv ərizəsi yazmayanlar .., mütləq məqsədlərinə çatacaq, ölkələrini, dünyanı xilas edəcəklər.

Yazını bitirməyə az qalmış yaxın dostum zəng etdi, biləndə ki, Mandeladan yazıram, bu əfsanə adam haqqında mənə əlavə bilgilər verdi və onun haqqında çəklmiş “Yenilməzlər” filminə baxmağı, sonra yazını bitirməyi məsləhət gördü. Filmə baxdım. Çox təsirli filmdi. Filmdə Manndelanın mübarizəsindən yox, artıq onun prezident olduğu vaxtda öz ideallarına sadiq qalan mübariz şəxsin, ölkədə aparteidin simvolu olan reqbi komandasına necə təsir etməsindən, onu çempionluğa ruhlandırmasından , barışla, bağışlamaqla necə zirvə fəth etməyin mümkünlüyündən bəhs edilir. Bunun üçün ona, özünün dediyi kimi, “yenilməz ruhu və kapitanı olduğu ürəyi” yol göstərmişdi.

Mandelanın həyatı romanlara sığmaz, nəinki bir məqaləyə. Mandelanın ideallarını yetər ki, dərk edəsən. O ideallar uğrunda mübarizənin hər bir detalı bir romandır, həyat yolunu dəyişdirə biləcək bir simvoldur.

Mandela simvoldur, mübarizlik simvolu. Mandela xeyirxahlıq simvoludur. Prezident olanda hamı gözləyirdi ki, o revanş edəcək, bütün rəqiblərini həbs etdirəcək. Mandela ona ölüm hökmü verən prokurorla görüşəndə, prokuror deyir ki, mən elə bilirdim ki, məni bağışlamaycaqsınız. Mandela: “Sən mənə ölüm hökmü oxuyanda, mən səni bağışlamışdım”-deyir.

Filmdə Mandela reqbi komandasının kapitanına deyir ki, “millət olaraq özümüzü təsdiq etməmiz üçün başımızdan da yüksəyə tullanmalıyıq”. Bunu 27 il həbs yatan dövlət başçısı deyir.

27 ildi müstəqil Azərbaycanda Qarabağ dərdi ilə, Qarabağın işğalı ilə yaşayırıq. Ətrafımızı saran irili-xırdalı düşmən çəpərini görür, dərk edirik. Fəqət, məhz belə bir vəziyyətdə Qarabağı azad etmək üçün millət olaraq “başımızdan yüksəyə tullanmaq” yolunu göstərən, xalqına arxalanan Mandelaya ehtiyac var. Vətən uğrunda başından yuxarı tullanmağı bacaran, yəni ölməyə hazır olan kişilər hələ ki sağdır... Pəncərədən Xeyirxah ümidi görürsünüzmü?

İlham İsmayıl