Dillər

İKİ ESSE: YER ÜZÜNƏ ACILARI YAŞATMAĞA GƏLDİK...

Aydin_caniyev.jpg

Aydın Canıyev
Ehtiyyatda olan peşəkar jurnalist

Kimileri baştan çıkar
Kimileri başa çıkar
Balıklar başından kokar
Başımız yok ki korkalım.

Abdulrahim Karakoç (Türkiyə)

1.
Şairi, jurnalisti, alimi, müəllimi giley edəndə... dəqiq sovet vaxtının Salyandakı Şorsulu məntəqəsinə salınan dəlilərinə dönürəm!
Kişi, atam-atam, görürsən alınmır, şairsən, şeirinlə yıx sürü, jurnalistsən, yazınla, müəllimsən, alimsən, elminlə yol tap yaşamağa!
Nə dilənirsən - ev, maşın, maaş, iş... ay şairəm, ay jurnalistəm, ay müəlliməm, ay aliməm...
Belə olmayan oğlumun yox... canına ki!
Millət, xalq səndən gözləyərkən, sən milləti, xalqı mübarizəyə səsləməliykən, sən dövləti formalaşdırmalıykən, dövləti necə idarə etməyi öyrətməliykən, bu nə ağlaşmadı ki?
1998-ci ildən Azərbaycan dövlətinin heç harasından bir qəpik də almıram, üstəlik də hələ məni şərləyib 1il 3 ay 20 gün də içəri salıb!
20 ildə uzağı 20 xeyirxah insanın dəstəyiylə kirayələrdə çürüyürəm, ehtiyacın dalına altıyox vedrəni təpikləyirmiş kimi təpinirəm, özümə bağlı olanların hamısını yoxluqda əyilməməyi, sınmamağı təlqin edirəm, heç harda da heç kimə uşağım, valideynim üçün yardım ummuram - iki-üç dostdan başqa.
Amma bu nə ictimailəşdirmədi ki?
Kimdi ki... Hadi Rəcəbli və ona tay olanlar sizə yol göstərsin?
Niyə özünüzü bu qədər aşağı tələblərlə ucuzlaşdırırsınız?
Bircə şeirlə, bircə yazıyla, bircə ağıllı yolla... nəinki özünüzü, bütün milləti, xalqı, ölkəni ağ günə çıxara biləcəyiniz halda, nədən miskinlərin təmənnalısı olursunuz?
Ay Kəmaləddinin itini saxlayım, ay imkanı olan varsa evdə məni qulluqçu götürsün, ay mən işsizəm, xidmətlərim var, ay şeirim elə, yazım belə, istedadım da qurşaqdan aşağı...
bəsdirin, siz Allah...
Savadınız, istedadınız, qürurunuz sizi layiqli şəkildə yaşatmağa bəs eləmirsə, deməli, düşünmək lazımdı!
Sizi miskin günə qoyanlardan mərhəmət ummağınız istedadınızın, savadınızın, elminizin dərəcəsini müəyyən edir!
elmi, savadı, istedadı özünüz kimi ucuzlaşdırmayın!
Nelson Mandeladan sitat gətirirsiniz, amma və lakin...

İKİ ESSE: YER ÜZÜNƏ ACILARI YAŞATMAĞA GƏLDİK...

 2.

1993-cü ildə hörmətli alimimiz, istiqlalçı deputat, Müstəqillik Aktının müəllifi, Lənkəran Dövlət Universitetinin yaradıcısı və ilk rektoru, tarix elmləri doktoru, professor Hacıbaba Əzimov məni elmi katib təyin etdi! hətta təklif etdi ki, üç gün bölgə müxbirliyini elə, üç günü də bura işə gəl. yəni savadıma və işgüzar qabiliyyətimə dəyəri bu qədər böyük idi!
inanırsınız inanın, inanmırsınız, ən azından Hacıbaba müəllimin özündən soruşa bilərsiniz, üstəlik də sinif yoldaşım Məmməd müəllim də təsdiqləyə bilər: mən işə getmədim.
Utandım! Mənə dərs deyən Seyfulla Əsədullayev, Firuz Sadıqzadə və digər müəllimlərlə bir yerdə... özü də vəzifəcə böyük işdə çalışmağa. Müəllim mənim üçün çooox böyük mənsəb sahibidi, Yer üzündə.

Halbuki çox sürətlə namizədlik müdafiə edə bilərdim, əlimdə hazır mövzu da vardı: "1988-1992-ci illərdə müstəqil mətbuatın təşəkkülü"... qısa müddətdə Hacıbaba müəllimin rəğbəti və dəstəyi ilə başqa ali məktəbə də hansısa yüksək işə transfer ola bilərdim.
Ancaq içimdəki müəllim peşəsinin müqəddəsliyi ilə elmin fədakarlıq istəyən qəhrəmanlıq cövhəri aradan pərdəni götürməməyə məcbur etdi!
Üstündən 25 il keçib - Siyavuş Novruzovun, Hadı Rəcəblinin elmlər doktoru olan ölkədəyik indi!
Və... fikirləşirəm: düz elədim!
Hər kəs öz payına müəllimliyə və elmə hörmətlə yanaşmalıdı!
Mənim həm orta, həm də ali məktəbdə gözəl müəllimlərim olub! Onlardan ayıb olardı! Mənim müəllimlərim Siyavuşun, Hadinin, Nazpərinin müəllimləri kimi olmayıb axı!
O vaxt ona görə, bu vaxt buna görə baxıram ki, haqlıyam.
Saflaşdırmağa gücümüz çatmırsa da, murdarlayanların da içində deyilik!
Tək təsəlli bu!

P.S. Bu prinsipə jurnalistliyimdə də əməl etdim: ustadlar olan yerdə mən müridəm. mürşidlik rütbəsinə yüksəlsəm də olar, yüksəlməsəm də, əsas odu ki ləyaqətli mürid ola biləsən!